29 
Yan
2026
13:52
214

Gürcüstanda “Qrantlar haqqında” qanuna dəyişikliklər hazırlanır: xarici lobbiçilik cinayət məsuliyyəti yaradacaq

Hakim komanda yeni qanunvericilik paketi üzərində işləməyə başlayıb.

InterPress.ge xəbər verir ki, dəyişikliklər “Qrantlar haqqında” Gürcüstan qanununa ediləcək və bu dəyişikliklər əsasında xarici lobbiçilik cinayət məsuliyyəti yaradan əməl kimi müəyyənləşdiriləcək.

Layihəyə əsasən, qrant istənilən şəxs tərəfindən istənilən şəxsə pul və ya natura formasında verilən, Gürcüstan hakimiyyətinə, dövlət qurumlarına və ya cəmiyyətin hər hansı bir hissəsinə təsir göstərmək məqsədi daşıyan və ya daşıya bilən vəsait hesab olunacaq.

Qaydaların pozulmasına görə cərimə, ictimai faydalı işlər və ya 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Qanunvericilik paketində yer alan digər yeniliyə görə isə illik gəlirinin 20 faizindən çoxunu xarici qüvvələrdən alan təşkilatda çalışan şəxslərin 8 il müddətinə siyasi partiyalara üzv olması qadağan ediləcək.

Qanunvericilik dəyişiklikləri sahibkarlıq subyektlərinə də şamil ediləcək. Dəyişikliklərə əsasən, sahibkarlıq subyektinin əsas kommersiya fəaliyyəti ilə bağlı olmayan ictimai-siyasi fəaliyyəti hüquqpozma kimi qiymətləndiriləcək.

Parlamentin Hüquq Məsələləri Komitəsinin sədri Arçil Qorduladze bildirib ki, sahibkar hüquqi şəxs öz funksiyalarını yerinə yetirməli, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır, siyasi fəaliyyəti isə Gürcüstan Konstitusiyasında nəzərdə tutulduğu kimi siyasi partiyalar həyata keçirməlidir.

Onun sözlərinə görə, xarici maliyyə siyasətdə iştirak etməməlidir və Gürcüstanın suverenliyinin qorunması məsuliyyəti hökumətin üzərinə düşdüyü üçün, bu sahəyə nəzarət etmək və effektiv mexanizmlər tətbiq etmək imkanı da məhz hökumətdə olmalıdır. Qorduladze qeyd edib ki, konkret hüquqi şəxs siyasi proseslərə cəlb olunarsa, fəaliyyəti ictimai rəyin formalaşdırılmasına yönələrsə və bu fəaliyyət onun adi kommersiya fəaliyyəti ilə bağlı olmazsa, bu hal inzibati məsuliyyət və müvafiq cərimələrə səbəb olacaq. O əlavə edib ki, təqdim olunan dəyişikliklər fərdi sahibkarlara şamil edilmir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər