29 
Yan
2026
13:24
204

Nazir: Tbilisi Dövlət Universiteti ilə Gürcüstan Texniki Universiteti birləşdiriləcək

Tbilisi Dövlət Universiteti ilə Gürcüstan Texniki Universitetinin birləşdirilməsi qərara alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze bildirib. 

Nazirin sözlərinə görə, universitetlərin birləşdirilməsi məqsədilə onun əmri ilə müvəqqəti idarəetmə orqanı – şura yaradılacaq, həmçinin rektor və prorektorların səlahiyyətlərini icra edəcək şəxslər təyin olunacaq. Məhz bu struktur reorqanizasiya prosesini idarə edəcək.

Qivi Mikanadze bildirib ki, ali təhsil sistemində bu mühüm islahat dərin təhlilə, beynəlxalq təcrübəyə və ölkənin uzunmüddətli inkişaf maraqlarına əsaslanır. Onun sözlərinə görə, son dövrlərdə dövlət universitetlərinin akademik proqramları, elmi-tədqiqat istiqamətləri və infrastrukturunun müqayisəli analizi aparılıb. Həmin proses və rektorlarla aparılan ilkin məsləhətləşmələr nəticəsində universitetlərin birləşdirilməsi barədə qərar qəbul edilib.

Nazir qeyd edib ki, bu addım İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin regionda akademik və elmi inkişafın aparıcı mərkəzinə çevrilməsinə, eləcə də beynəlxalq reytinqlərdə mövqelərinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına zəmin yaradacaq.

Qanunvericilik dəyişiklikləri layihəsinə əsasən, birləşmə prosesinin həyata keçirilməsi üçün müvəqqəti şura formalaşdırılacaq və reorqanizasiya tamamlanana qədər universitetlərin idarə olunması bu mexanizm vasitəsilə təmin ediləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər