Nazir: Sentyabrdan 1-ci sinfə yalnız 15 sentyabr tarixinədək 6 yaşı tamam olan uşaqlar qəbul ediləcək
Gələn həftə ümumi və ali təhsil sahəsində islahatlar sürətləndirilmiş qaydada müzakirə olunacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze bildirib.
Nazir bildirib ki, islahatların icrası artıq aktiv mərhələyə keçir.
Onun sözlərinə görə, ötən il elan edilən ümumi və ali təhsil pillələri üzrə genişmiqyaslı islahatların konsepsiyaları ictimai müzakirələrdən sonra hökumət qərarları ilə təsdiqlənib və hazırda onların həyata keçirilməsi mərhələsi başlayır.
Nazir qeyd edib ki, ilk mərhələdə müvafiq qanunvericilik dəyişiklikləri aparılacaq. Hökumət tərəfindən parlamentə təqdim olunan qanunvericilik təşəbbüsləri gələn həftə sürətləndirilmiş qaydada baxılacaq.
Ümumi təhsil sahəsində əsas dəyişikliklər:
• Birinci sinfə qəbul yaşı 6 yaş olaraq müəyyən edilir.
• Uşağın 1-ci sinfə qeydiyyatı yalnız 15 sentyabr tarixinədək 6 yaşı tamam olduğu halda mümkün olacaq.
• Bu dəyişikliklər 2026–2027-ci tədris ilindən qüvvəyə minəcək.
Qanunvericilik dəyişikliklərinə əsasən, ümumi təhsil pillələri belə müəyyənləşdirilir:
• İbtidai pillə: I–VI siniflər (2026–2027-ci tədris ilindən)
• Baza pilləsi: VII–IX siniflər
• Orta pillə: X–XI siniflər (2027–2028-ci tədris ilindən)
Eyni zamanda, 2027–2028-ci tədris ilindən etibarən XI siniflərdə məktəb daxilində təşkil olunan repetitorluq proqramı tətbiq ediləcək. Bu proqram şagirdlərin milli imtahanlara sistemli və dolğun şəkildə hazırlaşmasına imkan verəcək.
Nazir həmçinin “bir fənn – bir dərslik” prinsipindən danışaraq bildirib ki, dövlət hər sinif və hər fənn üzrə vahid standart dərsliyin hazırlanmasına məsuliyyət götürür. Bu prosesin 2028-ci ilin sentyabrına qədər tamamlanması planlaşdırılır.
Bundan əlavə, 2026–2027-ci tədris ilindən etibarən:
• Dövlət məktəblərində ibtidai pillədə (I–VI siniflər) məktəbli forması məcburi olacaq;
• Məktəblərdə elektron kommunikasiya vasitələrinin istifadəsinə dair qaydalar hazırlanacaq. Bu qaydalar tədrisə yönəlmiş sağlam və nizamlı təhsil mühitinin formalaşdırılmasını təmin edəcək.


