Şalva Papuaşvili: ABŞ Konqresinin əməkdaşlarının səfəri siyasi xarakterli olmayacaq
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ABŞ Konqresinin əməkdaşlarından ibarət nümayəndə heyətinin Gürcüstana səfəri ilə bağlı açıqlama verib.
InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, ölkəyə gələnlər konqresmenlər deyil, Konqres administrasiyasının əməkdaşları və müxtəlif konqresmenlərin müşavirləridir.
Papuaşvili bildirib ki, bu, “staferlərin”, yəni aparat əməkdaşları və müşavirlərin səfəridir və buna görə də siyasi xarakterli görüşlərin sayı az olacaq.
Parlament sədrinin sözlərinə görə, Gürcüstana gələn müşavirlərin təmsil etdikləri konqresmenlər ölkədəki real vəziyyəti birbaşa mənbədən öyrənməkdə maraqlıdırlar və bu məlumatı Gürcüstana qarşı düşmən ritorikası ilə seçilən ayrı-ayrı şəxslərdən deyil, rəsmi qurumlardan almaq istəyirlər.
“Onların müxtəlif görüşləri olacaq, o cümlədən parlamentdə də görüşlər keçiriləcək. Maraqlı olduqları mövzularla bağlı hər zaman dialoqa hazırıq. Aydındır ki, bunlar daha az siyasi xarakterli görüşlər olacaq, çünki söhbət müşavirlərdən gedir. Onlar əldə etdikləri məlumatları sonradan öz konqresmenlərinə çatdıracaqlar. Düşünürəm ki, onlar Gürcüstanda əslində nə baş verdiyini birbaşa mənbədən eşitmək istəyirlər”, – deyə Şalva Papuaşvili qeyd edib.
ABŞ-ın Gürcüstandakı səfirliyinin yaydığı məlumata görə, Konqres əməkdaşlarından ibarət nümayəndə heyəti səfər çərçivəsində Gürcüstanın rəsmi şəxsləri və müxalifət liderləri ilə görüşlər keçirəcək. Bundan əlavə, nümayəndə heyəti ölkədəki mövcud vəziyyətlə tanış olmaq məqsədilə Tserovani məcburi köçkün qəsəbəsinə də səfər edəcək.


