Mark Rutte: ABŞ-sız Avropanın təhlükəsizliyi mümkün deyil
NATO-nun baş katibi Mark Rutte Niderlandın Het Financieele Dagblad nəşrinə müsahibəsində bildirib ki, “kim düşünürsə ki, bir müddət ABŞ-sız da keçinə bilərik – bunu unutsun”. Onun sözlərinə görə, Avropa hələ də müdafiəyə kifayət qədər vəsait ayırmır.
Rutte Qrenlandiya böhranı, NATOnun və Avropanın təhlükəsizliyi, həmçinin ABŞ-ın rolu kimi mövzulara toxunub.
“Avropa nə vaxtsa ABŞ-sız mövcud ola bilərmi?” sualına cavab verən Rutte deyib: “Məncə, heç vaxt. Tarix bizi birləşdirib. Amerikanın nüvə çətiri təhlükəsizliyimizin son və əsas təminatıdır”.
NATO baş katibi qeyd edib ki, Böyük Britaniya və Fransa nüvə dövlətləridir, lakin miqyas baxımından kiçikdirlər. Onun sözlərinə görə, dünyada ən böyük nüvə gücləri ABŞ və Rusiyadir.
Rutte vurğulayıb ki, “ABŞ olmadan Avropanın özünü müdafiə etməsi üçün ÜDM-in 8–9 faizi həcmində vəsait tələb olunar. Buna görə də belə bir istək ümumiyyətlə olmamalıdır”.


