23 
Yan
2026
10:04
110

İrakli Kobaxidze: Sağlam debat formatlarının formalaşdırılması media üçün prioritet olmalıdır

"Əsas məqsəd sağlam debat formatlarının yaradılmasıdır və bu, ilk növbədə medianın qərar verməli olduğu məsələdir."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalının efirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ictimai müzakirələrin hansı formatda aparılacağı media tərəfindən müəyyənləşdirilməlidir, hökumət isə bu prosesdə məsləhətləşmələrə açıqdır.

Baş nazir vurğulayıb ki, əsas məqsəd süni şəkildə formalaşdırılmış qapalı dairənin qırılmasıdır. Kobaxidze qeyd edib ki, son illər Gürcüstanda siyasi sistemdə radikallaşma məqsədli şəkildə təşviq olunub və bu prosesdə bəzi media fiqurları xüsusi rol oynayıb. Onun sözlərinə görə, efirdə söyüş, təhqir və isterik davranışlar fərdi psixoloji halın deyil, mediada radikallaşmanı gücləndirməyə yönəlmiş konkret tapşırıqların icrası idi və nəticədə insanlar televiziya debatlarından uzaqlaşdı.

İrakli Kobaxidze bildirib ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi parlamentdə müzakirə edilərkən də sağlam debatlara imkan verilməyib, müzakirələr məqsədli şəkildə “rus qanunu” ifadəsi ilə əvəzlənib və məzmunlu diskussiya boğulub. Onun sözlərinə görə, bəzi siyasi və media dairələri heç bir mövzu üzrə rasional müzakirələrin aparılmasına imkan verməmək üçün tapşırıq alırlar.

Baş nazir qeyd edib ki, cəmiyyətin düzgün və məlumatlı seçim etməsi üçün iqtisadiyyat, qiymətlər, infrastruktur və korrupsiya kimi mövzularda açıq və sağlam debatlara ehtiyac var. O vurğulayıb ki, indiyədək bu sahələr üzrə real debatlar deyil, qarşılıqlı ittihamlar və nifrət dili üstünlük təşkil edib.

Kobaxidzenin sözlərinə görə, hökumət bütün mövzular üzrə sağlam debatlara hazırdır və öz mövqeyini açıq şəkildə müdafiə edə biləcək vəziyyətdədir. O əlavə edib ki, müxalifətin bir hissəsi debatlara açıq şəkildə, bir hissəsi isə dolayı yollarla – ultimatumlar və digər üsullarla – müzakirələrdən yayınmağa çalışır. Baş nazirin fikrincə, radikal müxalifətin əsas məqsədi ölkədə qütbləşmə və nifrəti dərinləşdirməkdir.

İrakli Kobaxidze bildirib ki, ən geci iki həftə ərzində konkret debat formatları formalaşdırılmalı və müxtəlif tərəflər arasında ilk ictimai debatlar keçirilməlidir. Onun sözlərinə görə, tək bir alət qütbləşməni tam aradan qaldırmasa da, debat mədəniyyətinin bərpası cəmiyyətdə nifrət mühitinin dağıdılmasında və sağlam siyasi mühitin formalaşmasında həlledici rol oynaya bilər.

Bizimlə əlaqə saxlayın