22 
Yan
2026
13:55
249

İrakli Kadagişvili: Ermənistan–Azərbaycan sülhü Gürcüstanın tranzit rolunu zəiflətmir

Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması Gürcüstanın regiondakı funksiyasını və tranzit rolunu aradan qaldırmır.

InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin Özünüidarəetmə Komitəsinin sədri İrakli Kadagişvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu mövzuda səsləndirilən iddialar köhnəlmiş ideologiyadır və keçmişdə qalmalıdır.

Kadagişvili qeyd edib ki, Ermənistan və Azərbaycan arasında 35 il davam edən münaqişənin başa çatması regionda ticarət, logistika və nəqliyyat imkanlarının genişlənməsinə şərait yaradır. O vurğulayıb ki, Gürcüstan bu logistika zəncirində tərəfdaş olaraq qalır və yalnız Ermənistan və Azərbaycanla deyil, bütövlükdə regional dəhlizlər üzrə mühüm rol oynayır.

Komitə sədri bildirib ki, bəzi şəxslər və media qurumları ayrı-ayrı bəyanatları kontekstdən çıxararaq Gürcüstanın guya funksiyasını itirdiyini iddia edirlər. Onun sözlərinə görə, illərdir Gürcüstanın dağılacağını proqnozlaşdıran bu yanaşmalar reallıqla uzlaşmır, çünki ölkə iqtisadiyyatı artım nümayiş etdirir. Kadagişvili əlavə edib ki, sülhün yaratdığı imkanları müsbət prizmadan dəyərləndirmək lazımdır, müharibədən isə “üstünlük” axtarmaq yanlışdır.

O, xüsusilə vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında ticarətin, hərəkətin və tranzitin bərpa olunması Gürcüstanın əhəmiyyətini azaltmır: “Gürcüstan heç bir funksiyasını itirmir. Cənubi Qafqazda bərqərar olan sülh regionun güclü inkişaf məkanına çevrilməsinə imkan verəcək”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində panel müzakirəsində Ermənistan tərəfindən Ermənistan–Rusiya istiqamətində tranzitin açılması ilə bağlı müraciət alındığını bildirib. Onun sözlərinə görə, hazırda daşımalar Gürcüstan üzərindən həyata keçirilir, lakin gələcəkdə tranzitin birbaşa Ermənistan–Azərbaycan marşrutu ilə baş tutması mümkündür.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər