Son 24 saat ərzində 88 nəfər saxlanıldı
Son 24 saat ərzində hüquq-mühafizə orqanlarının Tbilisi və regionlarda keçirdiyi polis tədbirləri nəticəsində rekord sayda – 88 narkotik satıcısı və narkocinayətdə iştirak edən şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə məlumat verib.
Onun sözlərinə görə, əməliyyatlar zamanı xüsusilə külli miqdarda müxtəlif növ narkotik və psixotrop maddələr, odlu və avtomatik odlu silahlar, həmçinin narkotiklərin qanunsuz satışından əldə edildiyi ehtimal olunan pul vəsaitləri götürülüb.
Daraxvelidze bildirib ki, Gürcüstan Daxili İşlər Nazirliyi narkocinayət sxemində iştirak edən şəxslərin aşkarlanması və onların cinayət məsuliyyətinə cəlb olunması istiqamətində barışmaz mübarizəni davam etdirir. Qeyd olunub ki, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.
İntensiv istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, saxlanılan narkotik satıcıları narkotik vasitələri vətəndaşlara sistemli şəkildə satıblar. Məhkəmə qərarı əsasında həyata keçirilən nəzarətli alışlar, eləcə də təqsirləndirilən şəxslərin göstərdiyi yerlərə, onların üzərinə, avtomobillərinə və yaşayış evlərinə baxış zamanı xüsusilə külli miqdarda narkotik maddə maddi sübut kimi götürülüb. Aşkarlanan maddələr arasında “kokain”, “heroin”, “alfa PVP”, “buprenorfin”, “metadon”, “morfin”, “MDMA” və qurudulmuş “marixuana” var. Bundan əlavə, narkotiklərin qablaşdırılması üçün istifadə olunan materiallar da götürülüb.
Faktlarla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı, 260-cı, 260-cı tersiya, 260-cı kvarta, 261-ci və 265-ci prima maddələri üzrə aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Nazir müavini xatırladıb ki, Daxili İşlər Nazirliyinin narkocinayətkarlığa qarşı mübarizəsi çərçivəsində 2025-ci ilin son yeddi ayı ərzində ölkə üzrə 5 mindən çox şəxs narkotik cinayətinə görə saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub. Onların təxminən 2 mini narkotiklərin satışı ilə məşğul olan şəxslərdir.
Bildirilib ki, nazirliyin müxtəlif bölmələrinin əməkdaşları ölkə miqyasında narkotik cinayətlərinə qarşı kompleks tədbirləri fasiləsiz şəkildə davam etdirir və vətəndaşların, xüsusilə gənclərin həyatını və sağlamlığını təhlükə altına atan hər kəs qanunun bütün sərtliyi ilə cəzalandırılacaq.


