Azərbaycan, Ermənistan və İsrail Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na qoşulmağa dəvət alıb
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na üzvlük üçün bir sıra ölkələrə rəsmi dəvətlər göndərilib.
InterPress.ge xəbər verir ki, Azərbaycan hökuməti bu dəvəti qəbul etdiyini açıqlayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, Azərbaycan beynəlxalq əməkdaşlığa, sülhün və sabitliyin möhkəmləndirilməsinə daim töhfə verməyə hazırdır və bu istiqamətdə fəal mövqe tutmaqda davam edəcək.
Bundan əvvəl Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan açıqlama verərək bildirib ki, ölkənin baş naziri Nikol Paşinyan Qəzza ilə bağlı yaradılan “Sülh Şurası”na üzvlük üçün Donald Trampdan dəvət alıb.
Eyni zamanda, İsrailin baş naziri Benyamin Netanyahunun da ABŞ prezidentinin dəvətini qəbul etdiyi bildirilib. Bu barədə The Times of Israel Netanyahu ofisinə istinadən məlumat yayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp “Sülh Şurası”nın tərkibini ötən həftə elan edib. Şura qlobal münaqişələrin, o cümlədən İsrail–Qəzza münaqişəsinin həllini hədəfləyən beynəlxalq təşəbbüs kimi təqdim olunur. Ağ Evin açıqlamasına əsasən, ABŞ prezidentinin rəhbərlik edəcəyi “Sülh Şurası” Qəzzada müvəqqəti idarəetməyə nəzarət edəcək və bölgənin bərpasının növbəti mərhələsini koordinasiya edəcək.


