Eka Sefaşvili: Əfv ətrafında yaradılan ajiotaj müxalifətin siyasi oyunlarından ibarətdir
“Xalqın Qüvvəsi” partiyasının beynəlxalq əlaqələr üzrə katibi Eka Sefaşvili bildirib ki, əfv məsələsi ətrafında yaranmış geniş ajiotaj müxalifətin siyasi oyunlarından başqa bir şey deyil.
Eka Sefaşvili jurnalistlərlə söhbətində qeyd edib ki, dövlətə qarşı cinayət törətmiş və dövlət institutlarının legitimliyini tanımayan şəxslərin prezidentdən əfv gözləməsi anlaşılmazdır. Onun sözlərinə görə, öz dövlətinə və xalqına qarşı ağır cinayətlər törətmiş, üstəlik bu əməllərinə görə peşman olmadığını açıq şəkildə bildirən insanların əfv gözləntisi məntiqsizdir.
Sefaşvili vurğulayıb ki, həmin şəxslər törətdikləri əməlləri uydurma siyasi məqsədlərlə pərdələməyə çalışırlar, halbuki söhbət bir çox hallarda cinayət, bəzi hallarda isə inzibati xətalardan gedir. Onun sözlərinə görə, əfv mövzusu ətrafında yaradılan səs-küy real, obyektiv və hüquqi əsaslara söykənmir və yalnız siyasi manipulyasiya xarakteri daşıyır.
“Əgər onlar dövləti və onu idarə edən institutları qeyri-legitim hesab edirlərsə, prezidentin legitimliyini tanımırlarsa, bu halda niyə ondan əfv tələb edirlər və prezidentə məxsus olan səlahiyyətlərdən istifadəni gözləyirlər? Bu yanaşma tamamilə anlaşılmaz və absurddur”, – deyə Eka Sefaşvili bildirib.
Qeyd edək ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Xaç suyuna salma (Epifaniya) bayramı münasibətilə 159 məhkum olunmuş şəxsi əfv edib.


