Qəsdən adam öldürməyə cəhd ittihamı ilə bir nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş T.M.-ni qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
DİN-in məlumatına görə, aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Şuaxevi bələdiyyəsində baş verən mübahisə zamanı dostu — 1972-ci il təvəllüdlü Z.D.-yə balta ilə müxtəlif bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıb.
Zərərçəkmiş kişi tibbi müəssisəyə yerləşdirilib.
Polis T.M.-ni məhkəmənin qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlayıb. Hüquq-mühafizə orqanları cinayətin törədilməsində istifadə edilən aləti maddi sübut kimi götürüblər.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsi üzrə aparılır. Həmin maddə 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


