18 
Yan
2026
11:57
271

Gürcüstanda müxtəlif ölkələrin vətəndaşları saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və Sərhəd Polisi əməkdaşlarının birgə keçirdiyi kompleks tədbirlər nəticəsində Banqladeş, Türkiyə, Özbəkistan, Azərbaycan və Mərakeş vətəndaşları olmaqla, ümumilikdə 14 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

DİN-in məlumatına görə, müəyyən edilib ki, saxlanılan şəxslər “Xarici və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstan qanununa əsasən ölkə ərazisində hüquqi əsas olmadan olublar. Onlar sığınacaq proseduru çərçivəsində nəzərdə tutulan müddətlərdən sui-istifadə edərək illər ərzində Gürcüstanda qanunsuz şəkildə yaşayıblar.

Bildirilib ki, saxlanılan şəxslər ölkəni könüllü tərk etməni nəzərdə tutan deportasiya qərarında müəyyən edilmiş müddətlərdən istifadə etməyiblər. Bu səbəbdən Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti tərəfindən həmin şəxslərin saxlanılması barədə qərar qəbul edilib.

Qərarın icrası məqsədilə hazırda saxlanılan şəxslər mənşə ölkələrinə geri qaytarılmaları üçün Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdiriliblər.

Bizimlə əlaqə saxlayın