Marneulidə yeniyetmə şahmatçılara tanınmış şahmat hakimi Faiq Həsənov haqda film nümayiş olundu - FOTO
2026-cı il yanvarın 17-də Tea House-da “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı ilə azyaşlı və yeniyetmə şahmatçılarla görüş keçirilib.
InterPress.ge xəbər verir ki, tədbirdə “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”, “SARAL İnkişaf və Təhsil Mərkəzi” və Tea House şahmat kursunun üzvləri iştirak ediblər.
Görüşdə çıxış edən Mərkəzin rəhbəri Emin Əhmədov 2026-cı il ərzində həyata keçirilməsi planlaşdırılan fəaliyyətlər barədə iştirakçılara məlumat verib.
Daha sonra “Azərbaycan Şahmat Federasiyası” tərəfindən təqdim olunan, Azərbaycan şahmatının patriarxı, tanınmış şahmat hakimi Faiq Həsənova həsr edilmiş sənədli film nümayiş etdirilib. Film gənc şahmatçılara Faiq Həsənovun Gürcüstanda və Azərbaycanda yaşadığı dövrlərdə keçdiyi həyat yolu və şahmat fəaliyyəti haqqında ətraflı məlumat verib.
Sənədli filmə baxışdan sonra şahmatçılar arasında dostluq görüşü təşkil olunub.
Qeyd edək ki, görüşün məqsədi uşaq və yeniyetmə şahmatçıların şahmat aləminin tanınmış simaları barədə məlumatlanması, dünya görüşünün genişləndirilməsi, qarşılıqlı ünsiyyətin qurulması, oyun təcrübələrinin paylaşılması və şahmata marağın artırılması olub.



