14 
Yan
2026
11:56
284

İranın keçmiş şahının oğlu Reza Pəhləvi xalqı etirazları davam etdirməyə, ordunu isə xalqın tərəfinə keçməyə çağırıb

İranın keçmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu Reza Pəhləvi iranlılara müraciət edərək, ölkədə keçirilən etiraz aksiyalarını davam etdirməyə, ordu üzvlərini isə cəmiyyətin tərəfinə keçməyə səsləyib.

Reza Pəhləvi yaydığı video müraciətdə bildirib ki, dünya artıq iranlıların səsini və cəsarətini görüb və eşidib, indi isə buna cavab verir.

Onun sözlərinə görə, iranlılar artıq Donald Trumpun müraciətini də eşidiblər və yardım yoldadır.

“Əziz həmvətənlərim, dünya təkcə sizin səsinizi və cəsarətinizi görüb-eşitməyib, indi artıq cavab verir. Yəqin ki, ABŞ prezidentinin müraciətini də eşitmisiniz. Yardım yoldadır. İndiyə qədər etdiyiniz kimi mübarizəni davam etdirin. Bu rejimə həyatın normal olduğu görüntüsünü yaratmağa imkan verməyin. Bu qədər qətliamdan sonra bizimlə rejim arasında qan dənizi var”, – deyə Reza Pəhləvi bildirib.

O vurğulayıb ki, baş verənlərə görə məsuliyyət daşıyan hər kəs cavab verəcək.

Reza Pəhləvi çıxışında İran ordusunun üzvlərinə də xüsusi müraciət edib:

“Siz İranın milli ordusunun üzvlərisiniz. Sizin borcunuz həmvətənlərinizin həyatını qorumaqdır. Çox vaxtınız yoxdur. Onlara mümkün qədər tez qoşulun”, – deyə o qeyd edib.

Xatırladaq ki, mediada yayılan məlumatlara görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff Reza Pəhləvi ilə gizli görüş keçirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər