Prokuror Qaribaşvilinin həbsindən sonra açıqlama verdi
Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvilinin işi üzrə prokuror Natia Tatiaşvili bildirib ki, Qaribaşvilinin məhkəmə iclasında cinayəti etiraf etməsi onunla prosessual razılaşmanın bağlanmasının əsas səbəbi olub.
InterPress.ge xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlama verib.
Prokurorun sözlərinə görə, məhkəməyə işin mahiyyəti üzrə baxılmadan hökm çıxarılması barədə vəsatət təqdim edilib və məhkəmə Qaribaşvilini irəli sürülmüş ittiham üzrə təqsirli bilib. Hökmə əsasən, ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bundan əlavə, cinayət fəaliyyəti nəticəsində əldə edilmiş əmlak müsadirə olunub və əlavə cəza kimi 1 milyon lari məbləğində cərimə müəyyən edilib.
Cərimənin ödənilməsi üçün konkret müddətin olub-olmaması ilə bağlı suala cavab verən prokuror qeyd edib ki, bu müddət ayrıca müəyyənləşdirilməyib və ödənişə nəzarəti İcra Milli Bürosu həyata keçirir.
Natia Tatiaşvilinin açıqlamasına əsasən, prosessual razılaşma çərçivəsində İrakli Qaribaşvili Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin üçüncü hissəsinin “g” bəndi ilə nəzərdə tutulan, xüsusilə külli miqdarda qanunsuz gəlirin leqallaşdırılması cinayətini törətməkdə təqsirli bilinib. Prokuror vurğulayıb ki, iş materiallarında bir sıra şahid ifadələri mövcuddur, lakin konkret ad və soyadları açıqlamaq mümkün deyil.
Eyni zamanda, prokuror bildirib ki, Qaribaşvilinin ailəsinə məxsus hər hansı istehsal müəssisəsinin müsadirəsi məsələsi gündəmdə deyil.
Xatırladaq ki, Gürcüstan Prokurorluğu sabiq baş nazir İrakli Qaribaşvili ilə prosessual razılaşma bağlayıb. Razılaşmaya əsasən, ona 5 il həbs cəzası, 1 milyon lari cərimə təyin olunub və yaşayış evində aparılan axtarış zamanı götürülmüş, cinayət fəaliyyəti ilə əlaqələndirilən pul vəsaiti dövlətin xeyrinə müsadirə ediləcək.


