12 
Yan
2026
13:46
185

İran XİN rəhbəri Abbas Araqçi: Ölkədə vəziyyət tam nəzarət altındadır

İranın xarici işlər naziri Abbas Araqçi ölkədə mövcud vəziyyətin tam nəzarət altında olduğunu bildirib. Yerli və beynəlxalq medianın məlumatına görə, bu açıqlama Tehranda xarici diplomatlarla keçirilən görüş zamanı səsləndirilib.

Nazirin sözlərinə görə, İranda baş verənlər adi etiraz aksiyaları deyil, ölkəyə qarşı yönəlmiş “terrorçu müharibədir”. Araqçi qeyd edib ki, dövlət qurumlarına, polis bölmələrinə və biznes obyektlərinə hücumlar məhz terrorçu elementlər tərəfindən həyata keçirilir.

Onun sözlərinə əsasən, İran hakimiyyətinin əlində terrorçu qruplara göndərilmiş səsli mesajların audioyazıları mövcuddur və həmin yazılarda mülki əhaliyə və təhlükəsizlik qüvvələrinə qarşı atəş açılması ilə bağlı göstərişlər verilir.

Abbas Araqçi vurğulayıb ki, ABŞ Prezidenti Donald Trump tərəfindən Tehrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı səsləndirilən xəbərdarlıqlar terrorçu qrupları daha da ruhlandırıb və onların məqsədi xarici müdaxiləyə zəmin yaratmaqdır. Nazir bildirib ki, İran müharibəyə də, dialoqa da hazırdır.

Onun fikrincə, ölkə üzrə yayılan etirazlar qəsdən zorakı və qanlı xarakter alıb ki, bu da ABŞ rəhbərliyinə müdaxilə üçün bəhanə versin.

Bu arada, BBC yazır ki, İranın dövlət televiziyası və digər rəsmi media qurumları paytaxtda ötən gecədən etibarən vəziyyətin sakit olduğunu nümayiş etdirməyə çalışır. Lakin ölkədə real vəziyyətlə bağlı dəqiq məlumat əldə etmək çətindir.

BBC-nin məlumatına görə, İrandakı bəzi mənbələr internetə Starlink peyk interneti və digər alternativ üsullar vasitəsilə qısa müddətli çıxış əldə edə biliblər. BBC-yə danışan üç mənbə ötən həftə etiraz aksiyalarının dağıdılmasının xüsusilə intensiv olduğunu bildirib.

Eyni zamanda, BBC Persian xəbər verir ki, vətəndaşlara ölkə üzrə bu gün planlaşdırılan hökumətyönlü aksiyalara qatılmağa çağıran SMS bildirişləri göndərilib. İnternet bağlantılarını izləyən NetBlocks isə açıqlayıb ki, İranda internetin kəsilməsi artıq üç gündən çoxdur davam edir.

Bizimlə əlaqə saxlayın