11 
Yan
2026
16:01
570

Marneulidə torpaq sahələrinə tələbat kəskin artıb

Son beş il ərzində Marneulidə torpaq sahələrinə tələbat əhəmiyyətli dərəcədə artıb.

InterPress.ge xəbər verir ki, bu barədə Brokeri.ge-nin təsisçisi İlia İnaşvili məlumat verib.

Onun sözlərinə görə, Marneuli ilə yanaşı, son illərdə ölkənin digər iri şəhərlərində də torpaq sahələrinə maraq nəzərəçarpacaq dərəcədə yüksəlib. İnaşvili bildirir ki, torpaq bazarını dəyərləndirərkən iri şəhərlərin öz daxilindəki sahələr, şəhər perimetrləri və şəhərdənkənar ərazilər arasında fərq qoymaq vacibdir.

Ekspertin qeyd etdiyinə görə, Tbilisi, Kutaisi, Batumi, Telavi və Rustavi kimi iri şəhərlərdə çoxmənzilli binalar üçün torpaq sahələrinə tələbat dayanmayıb. Xüsusilə Rustavidə son dövrdə ciddi canlanma müşahidə olunur. Telavi, Kutaisi və Batumidə də tələbat artıb. Son beş ilin mənzərəsinə Marneulinin də əlavə edildiyini deyən İnaşvili vurğulayıb ki, artan tələbat təbii olaraq qiymətlərin yüksəlməsinə səbəb olub.

Tbilisiyə gəldikdə, paytaxtda çoxmənzilli tikinti üçün torpaqlara marağın həmişə yüksək olduğu qeyd edilir. Bununla yanaşı, son illər paytaxtda fərdi yaşayış evləri üçün sahələrə tələbat xüsusilə artıb. Sakinlər böyük şəhərdə həyatın ildən-ilə daha çətinləşdiyini düşünərək şəhərdənkənar ərazilərə yönəlir və əsasən fərdi ev tikintisinə yararlı torpaq sahələri alırlar.

Oxşar tendensiyanın Kutaisidə də formalaşdığını bildirən İnaşvili qeyd edib ki, şəhərin daxilində torpaq bahalaşıb və bu, həm çoxmənzilli tikintinin artması, həm də şəhər sakinlərinin ətraf ərazilərə köçməsi ilə müşayiət olunur. Kutaisi–Tskaltubo yolunu nümunə göstərən ekspert bu ərazinin hazırda kutaisililər üçün ən prestijli zonalardan birinə çevrildiyini, burada fərdi evlər üçün torpaq sahələrinin kütləvi şəkildə satıldığını bildirib.

Onun sözlərinə görə, hazırda ətraf zonalarda qiymətlər hələ də nisbətən ucuzdur. Məsələn, Tskaltubo istiqamətində 500 kvadratmetrlik yaşayış sahəsini təxminən 5 min dollara almaq mümkündür ki, bu da avtomobil qiymətləri ilə müqayisədə xeyli aşağıdır. Məhz bu səbəbdən çoxlu sayda Kutaisi sakini belə torpaqları alır. Bununla belə, İnaşvili vurğulayıb ki, bu qiymətlərin gələcəkdə mütləq artacağı gözlənilir.

Ekspert əlavə edib ki, artıq Kutaisinin mərkəzi küçələrində pik saatlarda tıxaclar yaranır və bu problem iri şəhərlərin hamısında zamanla qaçılmazdır. Tıxaclar, ekoloji çirklənmə və həyat keyfiyyəti ilə bağlı narahatlıqlar insanları bağ evlərinə və şəhər ətrafında yaşayışa yönəldir. Onun proqnozuna görə, bu gün Kutaisi ətrafında tikilən bağ evləri yaxın 10 il ərzində əsas yaşayış məkanına çevriləcək və eyni proses Tbilisi üçün də keçərli olacaq.

Bizimlə əlaqə saxlayın