11 
Yan
2026
13:04
100

The Telegraph: London Qrenlandiyada NATO qüvvələrinin yerləşdirilməsi ilə bağlı Avropa müttəfiqləri ilə danışıqlar aparır

Britaniyanın The Telegraph nəşrinin məlumatına görə, Downing Street Avropalı müttəfiqlərlə Qrenlandiyada hərbi qüvvələrin yerləşdirilməsi mövzusunda danışıqlar aparır. Bildirilir ki, sözügedən qüvvələr Arktika bölgəsində təhlükəsizliyin təmin olunması çərçivəsində Donald Trump üçün bölgəni qorumağa yönəlik olacaq.

Məlumata əsasən, hərbi komandirlər adada NATOnun mümkün missiyası üçün planlar hazırlayırlar. Bu proses ABŞ prezidentinin təhlükəsizlik səbəblərini əsas gətirərək Qrenlandiyanı nəzarətə götürməklə hədələməsi fonunda aparılır. Son günlər britaniyalı rəsmi şəxslərin Almaniya və Fransa kimi ölkələrin nümayəndələri ilə görüşdüyü və hazırlıq işlərinə start verildiyi qeyd olunur.

Nəşr yazır ki, hələ ilkin mərhələdə olan planlar Qrenlandiyanı Rusiya və Çindən qorumaq məqsədilə adada britaniyalı hərbçilərin, hərbi gəmilərin və təyyarələrin yerləşdirilməsini nəzərdə tuta bilər. Avropa ölkələri Arktikada mövcudluqlarını əhəmiyyətli dərəcədə gücləndirməklə Trampı strateji adanın anneksiyası ilə bağlı niyyətindən daşındıracaqlarına ümid edirlər.

The Telegraph həmçinin bildirir ki, Avropa İttifaqı Tramp NATO qüvvələrinin Qrenlandiyada yerləşdirilməsi təklifini rədd edərsə, ABŞ şirkətlərinə qarşı sanksiyaların tətbiqi variantlarını müzakirə edir. Qeyd olunur ki, Meta, Google, Microsoft və X kimi texnoloji nəhənglərin Avropada fəaliyyəti məhdudlaşdırıla, eyni zamanda ABŞ bankları və maliyyə şirkətlərinə də məhdudiyyətlər tətbiq oluna bilər. Daha sərt ssenari kimi ABŞ hərbi qüvvələrinin Avropadakı bazalardan çıxarılması da istisna edilmir ki, bu da Vaşinqtonu Yaxın Şərq və digər regionlarda əməliyyatlar üçün mühüm strateji dayaq nöqtələrindən məhrum edə bilər.

Bizimlə əlaqə saxlayın