10 
Yan
2026
20:19
827

Mixail Saakaşvili: “Yenə də mən qalib gəldim – azadlıq uğrunda sona qədər mübarizə aparan gənclər mənim dövrümün məhsuludur”

"Bütün təzyiqlərə baxmayaraq, sonda qalib gəldim.".

InterPress.ge xəbər verir ki, bu barədə Həbsdə olan Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında yayımlanan məktubunda bildirib.

Onun sözlərinə görə, bu gün azadlıq uğrunda sona qədər mübarizə aparan və heç bir təhlükə qarşısında geri çəkilməyən gənclər məhz onun hakimiyyətdə olduğu illərdə baş vermiş “mental inqilabın” nəticəsidir.

Saakaşvili yazır ki, onun əsas nailiyyəti yeni şəhərlər, körpülər, aeroportlar, yollar, turizmin inkişafı, Kutaisidə parlament mərkəzinin yaradılması və ya infrastruktur layihələri deyil, Gürcüstan üçün “mental inqilab” olub. O qeyd edir ki, gürcü cəmiyyəti məhz həmin dövrdə korrupsiyanın zərərli olduğunu, “qanuni oğruların” romantik fiqurlar olmadığını, təhsil və zəhmətin isə uğura aparan yeganə yol olduğunu dərk edib.

Keçmiş prezident xatırladır ki, 1970–80-ci illərdə dövlətdən oğurluq etmək adi və hətta “şərəfli” sayılırdı, “qanuni oğrular” isə cəmiyyətdə nüfuz sahibi idilər. Onun sözlərinə görə, 1990-cı illərdə bu düşüncə tərzi zorakılıq, narkomaniya və çoxsaylı faciələrlə nəticələndi. Saakaşvili vurğulayır ki, məhz 2004-cü ildən etibarən bu prosesin tərsinə çevrilməsi və Gürcüstanın tamhüquqlu, uğurlu dövlət quruculuğu yoluna çıxması başladı.

Məktubda qeyd olunur ki, bu yol ciddi maneələrlə müşayiət olunub. Saakaşvilinin iddiasına görə, “qanuni oğrular” 7 noyabr hadisələrinin arxasında dayanıb və seçki kampaniyalarını maliyyələşdiriblər, bunu isə FBI və Avstriya polisinin materialları təsdiqləyib. O əlavə edir ki, minlərlə korrupsiyaya bulaşmış polis əməkdaşı, məmur və digər şəxslər köhnə gəlir mənbələrini itirdikləri üçün hakimiyyətə qarşı çıxıblar. Bununla yanaşı, Rusiyanın aqressiv təbliğatı və hakimiyyətin buraxdığı səhvlər də cəmiyyətdə acı izlər buraxıb.

Saakaşvili qeyd edir ki, bütün bunlara baxmayaraq, o qalib gəlib və bu gün azadlıq uğrunda mübarizə aparan gənclər həmin “inqilabi doqquz ilin” yetirmələridir, bunu etiraf edib-etməmələrindən asılı olmayaraq.

Keçmiş prezident Bidzina İvanişvili və “Gürcü Arzusu”nu da “özünəməxsus mədəni fenomen” adlandıraraq bildirir ki, onlar Gürcüstanı artıq geri dönüş yolu olmayan bir istiqamətə çəkməyə çalışırlar və əllərində qalan yeganə vasitə onunla şəxsi hesablaşmadır.

Saakaşvili məktubunu ritorik sualla tamamlayır: “Yeganə sual budur ki, gürcü xalqı buna nə qədər sakit şəkildə baxacaq?”

Bizimlə əlaqə saxlayın