08 
Yan
2026
12:27
105

Financial Times: Pekin kəşfiyyatı “Salt Typhoon” vasitəsilə ABŞ Konqresinin əsas komitələrinin kommunikasiya kanallarına sızıb

Çinin kəşfiyyat qurumları Salt Typhoon adlı genişmiqyaslı kiber-kəşfiyyat kampaniyası çərçivəsində ABŞ Konqresinin aparıcı komitələrinin kommunikasiya kanallarına çıxış əldə edib.

InterPress.ge xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.

Nəşrin yazdığına görə, Çin ABŞ Nümayəndələr Palatasının nüfuzlu komitələrində çalışan əməkdaşların istifadə etdiyi elektron poçt sistemlərini sındırıb. Hücumlar çərçivəsində Çin üzrə Komitənin bəzi əməkdaşlarının, eləcə də Xarici Əlaqələr, Kəşfiyyat və Silahlı Qüvvələr komitələrinin köməkçilərinin elektron poçtlarına giriş əldə olunub. Məlumata görə, sözügedən hücumlar dekabr ayında qeydə alınıb və bu, Çinin Dövlət Təhlükəsizliyi Nazirliyinin ABŞ-ın kommunikasiya şəbəkələrinə qarşı apardığı davamlı kiberkampaniyanın ən son epizodu hesab olunur. Mənbələr bildirir ki, kəşfiyyat qurumunun qanunvericilərin şəxsi elektron poçtlarına çıxışı olub-olmaması hələlik dəqiqləşməyib.

Yaponiyanın The Asahi Shimbun qəzeti isə Reutersə istinadən yazır ki, məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib. Belə ki, Ağ Ev məsələ ilə bağlı şərh verməyib, Vaşinqtondakı Çin səfirliyi, Çin Xarici İşlər Nazirliyi və adıçəkilən dörd komitənin ofisləri də sorğulara dərhal cavab verməyib.

Məlumatda xatırladılır ki, noyabr ayında Senatın serjantı Konqresin bir neçə ofisini “kiberinsident” barədə xəbərdar edib. Həmin insident zamanı hakerlərin Konqresin partiyadan kənar Büdcə Ofisi ilə Senatın bəzi ofisləri arasında, qanunvericiləri maliyyə araşdırmaları ilə təmin edən kommunikasiya kanallarına çıxış əldə etmiş ola biləcəyi bildirilib.

Qeyd olunur ki, Salt Typhoon haker qrupunun fəaliyyəti uzun müddətdir ABŞ kəşfiyyat icmasını ciddi narahat edir. İddialara görə, hakerlər ABŞ-ın tanınmış siyasətçiləri və hökumət rəsmiləri arasında aparılan telefon danışıqlarını da dinləyiblər. ABŞ rəsmiləri daha əvvəl bəyan ediblər ki, bu qrup Çinlə mümkün münaqişə zamanı Amerikanın kritik infrastrukturunu iflic etmək imkanına malikdir.

Öz növbəsində Pekin dəfələrlə kiberhücumlarda iştirakını təkzib edib. Keçən ilin əvvəlində isə ABŞ hökuməti ehtimal olunan haker Yin Kechengə və Sıçuan bölgəsində fəaliyyət göstərən bir kiber­təhlükəsizlik şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Bizimlə əlaqə saxlayın