ABŞ Venesuela neftini özü ixrac edəcək – dəniz blokadası ləğv olunur, satışa nəzarət Vaşinqtonda qalır
ABŞ Venesuelaya qarşı dəniz blokadasını aradan qaldıracaq, lakin ölkənin neft ixracına birbaşa nəzarət edəcək. Satışdan əldə olunan gəlirlər ABŞ hökumətinin nəzarətində olan hesablara köçürüləcək və Venesuela iqtisadiyyatının bərpasına yönəldiləcək.
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Chris Wright açıqlama verib. Məlumatı Bloomberg yayıb.
Nazirin sözlərinə görə, ilkin mərhələdə Venesuelanın anbarlarında mövcud olan neft satılacaq, daha sonra isə ölkədə hasil edilən neftin ixracına “müəyyən olunmamış müddətə” başlanacaq. Bloomberg-ə danışan mənbə bildirib ki, bu vəsaitlər ABŞ Xəzinəsinin hesablarında saxlanılacaq və Venesuelalı kreditorların iddialarından qorunacaq. Administrasiyadakı iki rəsminin sözlərinə görə, Vaşinqton Venesuelaya qarşı sanksiyaları mərhələli şəkildə yumşaltmağı planlaşdırır.
Qeyd olunub ki, bu həftə ABŞ prezidenti Donald Trump Venesuelanın ABŞ-a 30–50 milyon barel sanksiyalı neft verəcəyini açıqlayıb. Həmin neft bazar qiymətləri ilə satılacaq və əldə olunan gəlirlər hər iki ölkənin əhalisinin rifahına yönəldiləcək.
ABŞ-ın Meksika körfəzi sahilində yerləşən bir çox neft emalı zavodları Venesuelada hasil olunan ağır və yüksək kükürdlü xam neftin emalına uyğunlaşdırılıb. Bu müəssisələr keçmişdə Venesuela neftinin əsas alıcıları olub, lakin illərdir ABŞ sanksiyaları bu ticarəti müxtəlif səviyyələrdə məhdudlaşdırır.
Donald Tramp Venesuelanın neft sənayesinin bərpasına ABŞ şirkətlərinin cəlb olunmasını planlaşdırır. Söhbət Chevron, ConocoPhillips və ExxonMobil kimi şirkətlərdən gedir. ExxonMobil və ConocoPhillips bir vaxtlar Venesuelada fəaliyyət göstərsə də, keçmiş prezident Hugo Chavezin dövründə – 2000-ci illərdə – onların aktivləri milliləşdirilmişdi. Hazırda Chevron ölkədə məhdud həcmdə hasilat əməliyyatlarını davam etdirir.
Societe Generale bankının məlumatına görə, 1998-ci ildə Uqo Çaves hakimiyyətə gəlməzdən əvvəl Venesuela gündəlik 3,4 milyon barel neft hasil edirdi. Hazırda bu göstərici 1 milyon bareldən də aşağıdır. Enerji sektorunun bərpası üçün növbəti on il ərzində təxminən 100 milyard dollar tələb olunur ki, bu da hasilatın gündəlik 2,5 milyon barelədək artırılmasına imkan verə bilər. Hart Energynin qiymətləndirməsinə görə isə sənayenin tam modernləşdirilməsi üçün 180–200 milyard dollar investisiya lazımdır.
Bu arada, 7 yanvar ticarətində Brent markalı neftin qiyməti 1,3 faiz ucuzlaşaraq bir barel üçün 60 dollardan aşağı düşüb. ABŞ-ın WTI markalı nefti isə 2 faiz ucuzlaşaraq 56 dollar səviyyəsində ticarət olunub.


