Qrup halında hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan iki nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin əməkdaşları qrup halında törədilmiş hədə-qorxu ilə pul tələb etmə faktı üzrə iki nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, saxlanılan şəxslər əvvəllər qətl cinayətinə görə məhkum olunmuş, 1987-ci il təvəllüdlü G.B. və 1977-ci il təvəllüdlü M.Ş.-dir. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 181-ci maddəsinin ikinci hissəsinin “a” bəndi ilə aparılır ki, bu da doqquz ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər keçmişdə mövcud olmuş maliyyə mübahisəsini əsas gətirərək 1979-cu il təvəllüdlü M.Ç.-ni aldadaraq Tbilisidə yerləşən yaşayış mənzillərindən birinə aparıblar. Orada onlar həyatına son qoymaq və zorakılıq tətbiq etmək hədəsi ilə zərərçəkəndən 6 min lari pul tələb ediblər. Bundan əlavə, saxlanılan şəxslər M.Ç.-dən onların adına olan və 32 min lari təşkil edən maliyyə borcunu da ödəməyi tələb ediblər.
Keçirilən operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanları G.B. və M.Ş.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar. İstintaq prosesi davam etdirilir.


