08 
Yan
2026
10:45
99

ABŞ konqresmeni Rusiya Dövlət Dumasının üzvlərini Vaşinqtona danışıqlara dəvət edib

ABŞ Konqresinin üzvü Anna Paulina Luna Rusiya Dövlət Dumasının dörd üzvünü yanvar ayında Vaşinqtona, sülh danışıqları və digər məsələlərin müzakirəsi üçün dəvət etdiyini açıqlayıb.

Konqresmenin sözlərinə görə, dəvət ABŞ Dövlət Departamentinin razılığı ilə həyata keçirilib. Anna Paulina Luna bildirib ki, Rusiya Dövlət Dumasının üzvləri yanvar ayının sonuna doğru Vaşinqtona səfər edərək Konqres üzvləri ilə görüşəcəklər.

O, bu prosesdə göstərdiyi dəstəyə görə ABŞ dövlət katibi Marco Rubioya təşəkkür edib. Luna qeyd edib ki, Rusiya parlamentinin nümayəndələrinin ABŞ-a səfərinə rəsmi icazə verilib və bununla bağlı onlara rəsmi dəvət məktubu göndərilib.

“Dövlət Departamentindən icazə aldım ki, Rusiya Dövlət Dumasının dörd üzvü Vaşinqtona gəlsin və Konqres üzvləri ilə sülh danışıqları və digər məsələlər ətrafında müzakirələr aparsın. Onlara rəsmi dəvət göndərmişəm ki, bu ayın sonunda burada, Vaşinqtonda (Kolumbiya dairəsi) bizimlə görüşsünlər. Sülh hər zaman qalib gəlməlidir və bu cür müzakirələrə sağlam düşüncəli və rasional insanlar rəhbərlik etməlidir. Bu məsələdə göstərdiyi köməyə görə dövlət katibi Rubioga təşəkkür edirəm”, – deyə Anna Paulina Luna X sosial şəbəkəsində yazıb.

Bizimlə əlaqə saxlayın