07 
Yan
2026
19:52
1766

DİN Marneulidə baş verən qətl hadisəsini açdı – bir nəfər saxlanılıb (VİDEO)

Gürcüstan Daxili İşlər Nazirliyi Marneulidə baş vermiş qətl hadisəsinin açıldığını və bir nəfərin saxlanıldığını açıqlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb. 

Nazirliyin məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları Türkiyə Daxili İşlər Nazirliyinin Artvin vilayətinin polis qurumları ilə birgə keçirilən əməliyyat çərçivəsində 2002-ci il təvəllüdlü şəxsi saxlayıblar.

Məlumata əsasən, təqsirləndirilən şəxs qəsdən adam öldürməyə cəhd və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamları ilə Kartsakhi sərhəd sektoru ərazisində tutulub.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs Marneuli şəhərində yerləşən qızıl məmulatları mağazalarından birində odlu silahdan atəş açaraq ata və oğulu yaralayıb, daha sonra hadisə yerindən qaçıb. Yaralılar tibbi müəssisəyə çatdırılıb, lakin onlardan biri aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində şübhəlinin şəxsiyyəti qısa müddətdə müəyyən edilib və ona qarşı qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu və 236-cı maddələri ilə aparılır. Sözügedən maddələr 20 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Nazirlik əməliyyat zamanı göstərilən operativ əməkdaşlığa görə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinə, eləcə də gömrük və xarici ticarət qurumlarının nümayəndələrinə təşəkkür edib. Qeyd olunub ki, Gürcüstan və Türkiyə hüquq-mühafizə orqanları arasında mövcud olan sıx əməkdaşlıq çərçivəsində indiyədək bir sıra, o cümlədən ağır kateqoriyalı cinayətlərin açılmasına nail olunub.

Bizimlə əlaqə saxlayın