Marneuli bazarında baş vermiş qətlə bağlı prokurorluq bəyanat yaydı - Bir nəfərə qarşı ittiham irəli sürüldü
Prokurorluq Marneulidə baş vermiş sifarişli qəsdən adam öldürmə faktı üzrə bir şəxsə qiyabi qaydada ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
Qurumun açıqlamasına görə, Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, 2026-cı il yanvarın 4-də Marneuli şəhərində kənd təsərrüfatı bazarının ərazisində təqsirləndirilən şəxs sifariş əsasında, xüsusi amansızlıqla odlu silahdan atəş açaraq ata və oğula xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Alınan xəsarətlər nəticəsində zərərçəkənlərdən biri xəstəxanada dünyasını dəyişib, digərinin isə vaxtında göstərilən tibbi yardım sayəsində həyatı xilas edilib.
Məlumata əsasən, şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 19, 109-cu maddəsinin “l”, “m”, “n” bəndləri üzrə – sifarişlə və xüsusi amansızlıqla iki və ya daha çox şəxsin qəsdən öldürülməsinə cəhd – eləcə də 236-cı maddənin 3-cü və 4-cü hissələri üzrə – odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması – ittiham irəli sürülüb. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcəyini bildirib.


