05 
Yan
2026
23:11
215

Türkiyə və Azərbaycan Gürcüstan üzərindən təbii qaz tədarükü ilə bağlı yeni saziş imzalayıb

Türkiyə və Azərbaycan Gürcüstan ərazisindən keçməklə ümumilikdə 33 milyard kubmetr həcmində təbii qazın tədarükünü nəzərdə tutan yeni saziş imzalayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktara istinadən Report məlumat yayıb.

Nazirin sözlərinə görə, qaz Türkiyəyə mövcud Bakı–Tbilisi–Ərzurum boru kəməri vasitəsilə nəql ediləcək. Bildirilib ki, razılaşma Xəzər dənizində yerləşən Abşeron yatağından illik 2,25 milyard kubmetr təbii qazın 15 il müddətində tədarükünü nəzərdə tutur. Müqavilə 2029-cu ildə qüvvəyə minəcək və 2040-cı ilədək davam edəcək.

Alparslan Bayraktar qeyd edib ki, uzunmüddətli müqavilələr və şaxələndirmə strategiyası sayəsində Türkiyə öz enerji təhlükəsizliyini təmin edəcək və yanacaq qiymətlərini rəqabətqabiliyyətli səviyyədə saxlamağa davam edəcək.

Report agentliyinin məlumatına görə, Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EMRA) açıqladığı rəqəmlərə əsasən, Azərbaycan ötən ilin yanvar–oktyabr ayları ərzində Türkiyəyə 9,8 milyard kubmetr təbii qaz ixrac edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artım deməkdir.

Hazırda Azərbaycan Rusiyadan sonra Türkiyəyə ən çox təbii qaz ixrac edən ikinci ölkədir.

Bizimlə əlaqə saxlayın