Gürcüstanda Rusiya pasportu olan bəzi şəxslərin ölkəyə girişi məhdudlaşdırılıb – məhdudiyyət kimlərə şamil olunur
Gürcüstan sərhədçiləri Rusiya pasportu daşıyan, lakin sənədlərində doğum yeri kimi Ukraynanın keçmiş SSRİ əraziləri, anneksiya olunmuş Krım, qondarma Donetsk və Luqansk “xalq respublikaları”, eləcə də Rusiya tərəfindən qismən işğal edilmiş Zaporojye və Xerson vilayətləri göstərilən şəxslərin ölkəyə girişinə icazə vermirlər.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstandakı İsveçrə səfirliyinin nəzdində fəaliyyət göstərən Rusiyanın maraqları bölməsi məlumat yayıb.
Qeyd olunub ki, məhdudiyyətlər eyni zamanda Abxaziyanın keçmiş MSSR ərazisində və “Cənubi Osetiya”da doğulmuş şəxslərə də şamil edilir. Həmin ərazilər hazırda Gürcüstan tərəfindən Rusiya tərəfindən işğal olunmuş bölgələr kimi tanınır.
Rusiyanın maraqları bölməsinin açıqlamasında bildirilir ki, Gürcüstan sərhədçilərinin bu addımları sözügedən kateqoriyadan olan şəxslər üçün qeyri-müəyyənlik yaradır. Bu səbəbdən vətəndaşlara Gürcüstana səfər etməzdən əvvəl mümkün riskləri diqqətlə qiymətləndirmək tövsiyə olunur.
Rusiyanın TurDom nəşrinin məlumatına görə, bu cür hallar ilk dəfə qeydə alınmır. Daha əvvəl Krım və Luqansk sakinlərindən bəzilərinə, Rusiya pasportu daşımalarına baxmayaraq, Gürcüstana girişə icazə verilməyib. Oktyabr ayında Sevastopoldan olan iki nəfərin Gürcüstana girişi qadağan edilib; səbəb onların sərhədi Rusiya tərəfindən işğal edilmiş Xerson vilayətində verilmiş sənədlərlə keçməyə cəhd göstərmələri olub. Həmçinin anneksiya olunmuş Krımdan gələn başqa bir turist pasportunu Sverdlovsk vilayətində aldığını bildirsə də, sərhədi keçə bilməyib. 2024-cü ilin yayında isə övladları işğal olunmuş Krımda doğulan bir neçə Rusiya vətəndaşı Gürcüstan sərhədindən geri qaytarılıb.
Xatırladaq ki, Gürcüstanda Rusiyanın maraqları bölməsi İsveçrə səfirliyinin nəzdində 2009-cu ildə yaradılıb. Buna səbəb 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra Moskva ilə Tbilisi arasında diplomatik münasibətlərin kəsilməsi olub.


