Tbilisidə qətl faktı ilə bağlı bir nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə, Zurab Avalişvili küçəsi yaxınlığında baş verən qətl faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları qəsdən adam öldürmə, eləcə də odlu silahın qanunsuz əldə edilməsi, saxlanması və daşınması ittihamları ilə 1968-ci il təvəllüdlü M.B.-ni saxlayıblar.
İstintaqla müəyyən edilib ki, Tbilisidə, Zurab Avalişvili küçəsi ərazisində təqsirləndirilən şəxs əvvəl mövcud olmuş münaqişə zəminində odlu silahdan atəş açaraq 1975-ci il təvəllüdlü M.B.-yə ölümcül xəsarət yetirib və hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində qətldə şübhəli bilinən şəxs hadisədən bir neçə saat sonra Sameqrelo bölgəsində saxlanılıb. Cinayətdə istifadə olunan silah maddi sübut kimi götürülüb.
Bundan əlavə, saxlanılan şəxsin üzərində aparılan şəxsi axtarış zamanı tərkibində “metadon” olan 25 həb də aşkarlanaraq götürülüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə), 236-cı (odlu silahın qanunsuz dövriyyəsi) və 260-cı (narkotik vasitələrlə bağlı) maddələri üzrə aparılır. Sözügedən maddələr 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


