2026-cı ildən 6 yaşını tamamlamayan uşaqlar məktəbə qəbul olunmayacaq
2026-cı ildən etibarən Gürcüstanda 6 yaşına çatmayan uşaqların məktəbə qəbulu mümkün olmayacaq.
InterPress.ge xəbər verir ki, bu barədə təhsil naziri Givi Mikanadze məlumat verib.
Nazirin sözlərinə görə, qəbul edilən qərara əsasən, 2026-cı ildən başlayaraq hər il yalnız həmin ilin 15 sentyabr tarixinədək 6 yaşı tamam olan uşaqların məktəbə qəbuluna icazə veriləcək. Bununla da, təhsil sistemində ilk sinfə qəbul üçün yaş həddi yenidən sərtləşdirilir.
Qeyd edək ki, son illər ərzində məktəbə qəbul üçün yaş meyarı bir neçə dəfə dəyişdirilmişdi. Məsələn, 2022–2023-cü tədris ilində 6 yaşını 1 oktyabra qədər tamamlayan uşaqlar da məktəbə qəbul olunurdu. 2023–2024-cü tədris ilində bu tarix 1 noyabradək uzadılmışdı. 2024–2025-ci tədris ilində isə 6 yaşı 1 dekabradək tamam olan uşaqların qeydiyyatına icazə verilmişdi. 2025–2026-cı tədris ili üçün isə yaş həddi 31 dekabr tarixinədək genişləndirilmişdi.
Xatırladaq ki, 2022-ci ilə qədər birinci sinfə yalnız tədris prosesinin başlanmasına qədər 6 yaşı tamam olan uşaqlar qəbul edilirdi. Yeni qərarla bu praktika faktiki olaraq bərpa olunur.


