Bu gündən Gürcüstana gələn xarici turistlər üçün yeni sığorta tələbi qüvvəyə minir
Bu gündən - 2026-cı il yanvarın 1-dən etibarən Gürcüstana səfər edən xarici turistlər üçün sağlamlıq və bədbəxt hadisələrdən icbari sığorta tələbi tətbiq olunacaq.
InterPress.ge xəbər verir ki, yeni qaydalara əsasən, ölkəyə daxil olan turistlər çap edilmiş və ya elektron formada, gürcü və ya ingilis dillərində tərtib edilmiş sığorta polisinə malik olmalıdırlar.
Gürcüstan Milli Turizm Administrasiyasının açıqlamasına görə, sığorta üzrə minimum təminat məbləği ən azı 30 min lari təşkil etməlidir. Polis həm Gürcüstanda fəaliyyət göstərən, həm də xarici sığorta şirkətləri tərəfindən verilə bilər.
Qeyd olunur ki, sığorta turistin Gürcüstana daxil olduğu andan ölkədə qalacağı bütün müddəti əhatə etməlidir. Mütəxəssislərin bildirdiyinə görə, sığorta paketinin həcminə uyğun olaraq qiymətlər dəyişir və aylıq sığorta haqqı təxminən 10 ABŞ dollarından 50 ABŞ dollarınadək aralığında ola bilər.
Eyni zamanda vurğulanır ki, bu tələb Gürcüstanda yaşayış icazəsinə malik olan xarici vətəndaşlara şamil edilmir. Yaşayış icazəsi olan şəxslər ölkəyə daxil olarkən sağlamlıq və bədbəxt hadisələrdən icbari sığorta polisi təqdim etmək öhdəliyindən azaddırlar.
Yeni tələbin əsas məqsədinin turistlərin təhlükəsizliyinin artırılması və mümkün tibbi risklər zamanı onların hüquqlarının daha effektiv şəkildə qorunması olduğu bildirilir.


