01 
Yan
2026
11:11
556

Şəhərlərarası sərnişindaşıma ilə bağlı qaydalar dəyişir

Gürcüstanda şəhərlərarası sərnişindaşıma üçün mikroavtobuslardan istifadəyə qadağa tətbiq edilməyəcək.

InterPress.ge xəbər verir ki, Quru Nəqliyyatı Agentliyinin məlumatına görə, 2026-cı il yanvarın 1-dən etibarən şəhərlərarası daşımalarla bağlı tənzimləmələrdə dəyişiklik qüvvəyə minir və sərnişinlərin yalnız M3 kateqoriyalı avtobuslarla daşınması tələbi ləğv olunur.

Yeni qaydalara əsasən, şəhərlərarası daşımaları mikroavtobuslar və minivenlər də davam etdirə biləcək. Bununla belə, ölkədaxili müntəzəm sərnişindaşımalarda iştirak edən nəqliyyat vasitələrinin təhlükəsizlik tələbləri sərtləşdirilir. Belə ki, sürət məhdudlaşdırıcı qurğuların və taxoqrafların quraşdırılması məcburi olacaq. Bu tələblər M1, M2 və M3 kateqoriyalı nəqliyyat vasitələrinə şamil edilir və sürücülərin iş–istirahət rejiminin, eləcə də hərəkət sürətinin nəzarətdə saxlanılmasını təmin edəcək.

Agentlik bildirir ki, sürücülərə və servis mərkəzlərinə avadanlıqların quraşdırılması üçün keçid müddəti verilib. Taxoqrafın tətbiqi Tbilisi–Batumi istiqamətində hərəkət edən şəhərlərarası nəqliyyat üçün 2027-ci il iyunun 1-dən, 50 kilometrdən çox məsafəli digər marşrutlar üzrə isə 2027-ci il dekabrın 1-dən məcburi olacaq. Sürət məhdudlaşdırıcı qurğuların quraşdırılması Tbilisi–Batumi marşrutu üçün 2027-ci il martın 1-dən, digər şəhərlərarası marşrutlar üçün isə 2027-ci il dekabrın 1-dən tələb olunacaq.

Quru Nəqliyyatı Agentliyinin açıqlamasına görə, dəyişikliklər sərnişin təhlükəsizliyinin artırılması, yol-nəqliyyat hadisələrinin azaldılması, yol hərəkəti təhlükəsizliyinin inkişafı və avtomobil nəqliyyatı sahəsində rəqabətli mühitin formalaşdırılması məqsədi daşıyır. Bu yanaşma beynəlxalq təcrübəyə uyğun balanslaşdırılmış hüquqi çərçivənin yaradılmasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər