01 
Yan
2026
11:00
526

Bu gündən sürücülük hüququnu itirmiş bu şəxlərin sürücülük hüququ bərpa olunur

Bal limitinin tükənməsi səbəbindən sürücülük hüququ dayandırılmış şəxslərin idarəetmə hüququ 2026-cı il yanvarın 1-dən etibarən avtomatik olaraq bərpa edilir və sürücülük vəsiqələrinə yenidən 100 bal əlavə olunur.

InterPress.ge xəbər verir ki, parlamentin dekabr ayında qəbul etdiyi qərara əsasən, 2025-ci il 16 dekabr tarixinədək yol-nəqliyyat hadisəsi yerini tərk etməyə, alkoqollu vəziyyətdə avtomobil idarə etməyə, narkotik maddə istifadəsinə və ya bal limitinin tükənməsinə görə sürücülük hüququ dayandırılmış vətəndaşlara hüquqi güzəşt tətbiq edilir. Bu proses mərhələli şəkildə həyata keçirilir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda təxminən 35 min 500 nəfərin sürücülük hüququ müxtəlif səbəblərdən dayandırılıb. Onlardan 780-ə yaxın şəxs bal limitinin tükənməsi səbəbindən hüququ məhdudlaşdırılan sürücülərdir və bu kateqoriyaya daxil olan şəxslərin sürücülük hüququ yanvarın 1-dən etibarən heç bir əlavə prosedur olmadan bərpa edilir, bal sayı isə yenidən 100-ə çatdırılır.

Narkotik maddə istifadəçiliyi səbəbindən sürücülük hüququ dayandırılmış şəxslərə isə avtomatik bərpa tətbiq edilmir. Bu halda idarəetmə hüququ yalnız məhkəmə-tibbi ekspertizanın, yəni dinamik narkoloji müayinənin müsbət rəyindən və qanunvericilikdə nəzərdə tutulan tələblərin yerinə yetirilməsindən sonra mümkün olacaq.

Nazirliyin açıqlamasına əsasən, cərimələrin ödənilməməsi səbəbindən təxminən 11 min nəfərin də sürücülük hüququ dayandırılıb. Bu şəxslər cəriməni ödədikdən sonra idarəetmə hüququnu bərpa edə biləcəklər.

Alkoqollu vəziyyətdə avtomobil idarə etməyə və ya yol-nəqliyyat hadisəsi yerini tərk etməyə görə sürücülük hüququ dayandırılmış təxminən 20 min nəfərlə bağlı isə Daxili İşlər Nazirliyi 2026-cı il fevralın 1-dək hər bir şəxs üzrə inzibati sanksiyadan azadolma barədə məlumatı rəsmi internet səhifəsində dərc edəcək. Müvafiq məlumatın yayımlanması sürücülük hüququnun bərpa olunduğunu təsdiqləyəcək.

Bununla yanaşı, amnistiya Cinayət Məcəlləsinin narkotik cinayətləri ilə bağlı 260-cı maddəsinin birinci hissəsinə və 273-cü maddəsinə də şamil edilir. Bu kateqoriyaya aid şəxslər sürücülük hüququnun bərpası üçün Ədliyyə Nazirliyinin Probasiya üzrə Milli Agentliyinin müvafiq komissiyasına müraciət etməlidirlər.

Qeyd edək ki, parlament inzibati xətaya görə sürücülük hüququnun vaxtından əvvəl bərpasına imkan verən normaları da ləğv edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər