Gürcüstanda bir sıra avtomobil yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Gürcüstan ərazisində bir sıra avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
Məlumata görə, intensiv qar yağması və aşağı temperatur səbəbindən beynəlxalq əhəmiyyətli Axalkalaki–Kartsaxi və Axaltsixe–Ninotsminda avtomobil yollarında qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Digər növ nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.
Bundan əlavə, Cvari–Laxamula və Uşquli–Lasdili yol sahələrində avtomobillərin hərəkəti tam qadağan olunub. Avtomobil Yolları Departamentinin məlumatına əsasən, qar yağması və uçqun təhlükəsi ilə əlaqədar daxili əhəmiyyətli Zuqdidi–Cvari–Mestia–Lasdili avtomobil yolunun km30–km100 (Cvari–Laxamula) və km185–km190 (Uşquli–Lasdili) hissələrində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır.
Eyni yolun km101–km184 (Laxamula–Uşquli) hissəsində minik avtomobillərinin hərəkətinə yalnız sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə icazə verilir, yüksək keçid qabiliyyətli (iki və daha çox aparıcı oxu olan) nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir. Zuqdidi–Cvari yolunun km1–km29 hissəsində nəqliyyatın hərəkəti məhdudiyyətsizdir.


