Bidzina İvanişvilinin Yeni il və Milad münasibətilə xalqa müraciəti
“Gürcü Arzusu”nun qurucusu və fəxri sədri Bidzina İvanişvili qarşıdan gələn Milad və Yeni il münasibətilə Gürcüstan və ölkə hüdudlarından kənarda yaşayan soydaşlara müraciət edib.
İvanişvili müraciətində xalqı qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək, yeni ilin sülh, birlik və uğur ili olmasını arzulayıb, hər kəsə sağlamlıq və rifah diləyib. O vurğulayıb ki, güclü və uğurlu Gürcüstanın gələcəyi birgə səylərlə qurulur və daha yaxşı sabaha inam qorunmalıdır.
Müraciətdə qeyd olunub ki, ötən il ciddi çağırışlar və çətinliklərlə yadda qalıb. Onun sözlərinə görə, cəmiyyət Gürcüstanın suverenliyi və birliyinə qarşı həm ölkə daxilindən, həm də xaricdən yönəlmiş açıq və qeyri-bərabər təzyiqlərin şahidi olub. İvanişvili bildirib ki, 2025-ci ildə xalqın müdrikliyi və siyasi komandanın balanslı, sakit və praqmatik siyasəti sayəsində bütün çağırışlara layiqli cavab verilib və ölkənin, xalqın və suverenliyin müdafiəsində geri addım atılmayıb.
O əlavə edib ki, 2026-cı ildə də mübarizədən imtina edilməyəcək, çünki arxada vətən, ailələr, mədəniyyət, ənənələr və gələcək nəsillər dayanır. İvanişvili vurğulayıb ki, xalqın və ata-babaların qarşısında milli dəyərləri qorumaq məsuliyyəti var və bu yolda geri çəkilmək mümkün deyil.
Bidzina İvanişvili bildirib ki, nə özü, nə də siyasi komandası bu qeyri-bərabər mübarizədə yorulmayacaq. Onun sözlərinə görə, əsas məsələ xalqın 2026-cı ildə də aydın şəkildə Gürcüstanın dostu ilə düşmənini ayırd etməsidir. İvanişvili qeyd edib ki, Gürcüstanda artıq elə bir cəmiyyət formalaşıb ki, onu aldatmaq və ya emosiyaları ilə manipulyasiya etmək mümkün deyil.
Müraciətin sonunda İvanişvili özünü vətənin sadə bir əsgəri kimi təqdim edərək, siyasi komandası ilə birlikdə 2026-cı ildə də ölkənin və ailələrin keşiyində duracağını bildirib. O, həyat yoldaşı ilə birlikdə bir daha xalqı Milad və Yeni il münasibətilə təbrik edib, hər kəsə sülh, rifah, sevinc, ümid və bərəkət arzulayıb və Tanrının Gürcüstanın və xalqın himayədarı olmasını diləyib.


