Gürcüstandan 63 xarici ölkə vətəndaşı deportasiya edilib
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində nazirliyin aidiyyəti bölmələri ilə sıx koordinasiya şəraitində həyata keçirilən tədbirlər nəticəsində 63 xarici ölkə vətəndaşını Gürcüstan ərazisindən deportasiya edib.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, cari il ərzində Gürcüstandan deportasiya olunan şəxslərin ümumi sayı 1302 nəfərə çatıb.
Rəsmi açıqlamada bildirilir ki, Miqrasiya Departamenti tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Türkiyə, Hindistan, Çin, Rusiya, Nigeriya, Türkmənistan, İordaniya, İraq, Pakistan, Misir, Qazaxıstan, Azərbaycan, Burundi, Zambiya, Səudiyyə Ərəbistanı və Sudan vətəndaşları ölkədən çıxarılıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq, deportasiya olunan şəxslərə Gürcüstana yenidən giriş qadağası tətbiq edilib.
Qeyd olunur ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizəyə cavabdeh qurumdur. Departamentin əsas səlahiyyətlərindən biri Gürcüstanda hüquqi əsas olmadan yaşayan xarici ölkə vətəndaşlarının aşkar edilməsi və intensiv miqrasiya nəzarəti, eləcə də xüsusi tədbirlər vasitəsilə onların ölkədən çıxarılmasının təmin olunmasıdır.


