Bu xarici vətəndaşlar üçün Gürcüstanda tibbi sığorta tələb olunmayacaq
Gürcüstanda yaşayış icazəsinə malik olan xarici vətəndaşlar üçün icbari tibbi sığorta tələbi tətbiq olunmayacaq.
Bu barədə InterPress.ge-yə Gürcüstan Milli Turizm Administrasiyasından məlumat verilib.
Qurumdan bildirilib ki, sağlamlıq və bədbəxt hadisələrdən sığorta sənədinin təqdim edilməsi öhdəliyi Gürcüstanda yaşayış icazəsi olan xarici ölkə vətəndaşlarına şamil edilmir. Açıqlamada qeyd olunub ki, bu tələb yalnız Gürcüstana turist və ya müvəqqəti səfər məqsədilə daxil olan xarici vətəndaşlara aiddir.
Xatırladaq ki, 2026-cı il yanvarın 1-dən etibarən Gürcüstana səfər edən turistlər üçün icbari tibbi və bədbəxt hadisələrdən sığorta tələbi qüvvəyə minəcək. Qaydalara əsasən, sığorta ölkəyə giriş tarixindən çıxış tarixinədək etibarlı olmalı və minimum 30 min lari məbləğində tibbi təminatı əhatə etməlidir. Bu təminat turistin Gürcüstanda olduğu müddətdə qəfil xəstəlik, təcili tibbi yardım, dərman təminatı, travmatoloji və cərrahi müdaxilələrlə bağlı xərcləri qarşılamaq üçün nəzərdə tutulub.
Məlumata görə, tibbi sığorta paketlərinin qiymətləri sığorta təminatının həcminə və müddətinə görə dəyişir. Hazırda bazarda mövcud təkliflərə əsasən, xarici vətəndaşlar üçün aylıq tibbi sığorta haqları təxminən 10 ABŞ dollarından başlayaraq 50 ABŞ dollarına qədər dəyişir.


