Gürcüstanda elektrik enerjisinin istehlak tarifləri dəyişəcək
Gürcüstanda elektrik enerjisinin istehlak tarifləri ilə bağlı planlaşdırılan dəyişikliklər üç ay müddətinə təxirə salınıb.
InterPress.ge xəbər verir ki, bu qərar Gürcüstan Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyasının iclasında açıqlanıb.
İclasda çıxış edən Komissiyanın sədri David Narmania bildirib ki, tariflərin dəyişdirilməsinin təxirə salınması ilə bağlı müraciət elektrik enerjisinin paylayıcı şirkəti tərəfindən edilib. Onun sözlərinə görə, təqdim olunan sənədlərdə şirkətin razılaşmadığı bir sıra məqamların olduğu müəyyən edilib və bu səbəbdən əlavə vaxt tələb olunur.
Narmania qeyd edib ki, paylayıcı şirkət yeni tariflərin qüvvəyə minməsini üç ay müddətinə təxirə salmağı xahiş edib. Komissiya isə bu müraciəti əsaslı hesab edərək, hazırda qüvvədə olan tariflərin müvəqqəti olaraq dəyişdirilmədən saxlanılmasına qərar verib. Sədrin sözlərinə görə, bu dövrdə mövcud tariflər müvəqqəti tarif kimi tətbiq olunacaq.
Məsələ Komissiya üzvlərinin səsverməsinə çıxarılıb və nəticədə qərar yekdilliklə təsdiqlənib.
Məlumat üçün bildirilib ki, hazırda Tbilisidə yaşayan abonentlər ay ərzində 0-dan 101 kilovat-saata qədər elektrik enerjisi istehlak etdikdə, hər bir kilovat-saat üçün 15,041 tetri ödəyirlər.


