28 
Dek
2025
16:20
3896

Gürcüstana gələn turistlər tibbi sığorta olunacaq - Qiymət və qaydalar

Gürcüstana səfər edən turistlər üçün icbari həyat və sağlamlıq sığortası tələbi 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. 

InterPress.ge xəbər verir ki, bu tələb Gürcüstanın “Turizm haqqında” qanununun 12-ci maddəsində nəzərdə tutulub.

Qanuna əsasən, xarici vətəndaşlar Gürcüstanda olduqları bütün müddət ərzində – ölkəyə giriş tarixindən çıxış tarixinədək etibarlı olan tibbi sığorta və bədbəxt hadisələrdən sığorta polisinə malik olmalıdırlar. Sığorta təminatının minimum məbləği 30 min lari təşkil edir. Bu o deməkdir ki, turist sığortalandığı halda Gürcüstanda 30 min lariyə qədər tibbi xidmətlərdən, o cümlədən müalicə, təcili yardım və digər zəruri tibbi xərclərdən istifadə edə biləcək.

Sığorta həm Gürcüstanın, həm də xarici ölkələrin sığorta şirkətləri tərəfindən təqdim edilə bilər. Sığorta sənədi elektron və ya kağız formada olmalı, gürcü və ya ingilis dilində tərtib edilməlidir.

Qeyd edək ki, tibbi sığorta qiymətləri sığorta paketinin həcminə görə dəyişir. Mövcud məlumatlara əsasən, aylıq tibbi sığorta haqları təxminən 10 ABŞ dollarından başlayaraq 50 ABŞ dollarınadək dəyişir.

Məlumata görə, səyahət sığortası beynəlxalq səviyyədə etibarlı hesab olunur və səfər zamanı səhhətin qəfil pisləşməsi, dərman ehtiyacı, təcili travmatoloji və ya cərrahi müdaxilə ilə bağlı xərcləri əhatə edir. Bu yenilik turistlərin təhlükəsizliyinin və sağlamlığının qorunmasına yönəlib.

Bizimlə əlaqə saxlayın