27 
Dek
2025
15:59
342

Baço Axalaia: İvanişvili zəif uzurpatorudur, onun “çevriliş” iddialarını ciddi qəbul etmirdim

Sabiq müdafiə naziri Baço Axalaia “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvilinin onu guya dövlət çevrilişi planlaşdırmaqda ittiham etməsini ciddi qəbul etməyib.

InterPress.ge xəbər verir ki, bu barədə sabiq müdafiə naziri jurnalist Tengo Qoqotişvili ilə müsahibəsində bildirib.

Qeyd olunur ki, müsahibə Axalaianın saxlanılmasından əvvəl, 2025-ci il oktyabrın 9-da qeydə alınıb.

Axalaianın sözlərinə görə, o, uzun müddət ölkədən kənarda olub, maddi imkanları olmayıb, siyasi partiyası və televiziya kanalı da mövcud olmayıb. Buna görə də İvanişvilinin tərəfdarları qarşısında “10 il həbsdə olmuş bir şəxsin çevriliş hazırladığı” fikrini səsləndirməsini real hesab etməyib. Onun fikrincə, hakimiyyət keçmiş məmurların adını hallandırmaqla öz elektoratını səfərbər etməyə çalışır.

Sabiq nazir müsahibədə müxalif siyasətçi Murtaz Zodelava ilə münasibətlərinə də toxunub. Axalaia bildirib ki, Zodelava ilə eyni binada yaşayırlar, qonşu və dostdurlar. Opera müğənnisi və ictimai xadim Paata Burçuladze barədə isə qeyd edib ki, onu “yaşca böyük dostu” hesab edir.

Dövlət çevrilişi ilə bağlı sualı cavablandıran Axalaia vurğulayıb ki, adı çəkilən şəxslərlə bu istiqamətdə heç bir görüşü olmayıb və həmin proseslərdə iştirak etməyib. Onun sözlərinə görə, hakimiyyətin “konspirativ görüşlər” barədə səsləndirdiyi iddialar reallığı əks etdirmir və təbliğat xarakteri daşıyır.

Axalaia həmçinin mediada yayılan və guya onunla Paata Burçuladzenin 4 oktyabr aksiyasının ssenarisini müzakirə etdiyini göstərən audioyazını saxta adlandırıb. O bildirib ki, həmin səs yazısı generasiya olunub və oradakı səs ona məxsus deyil. Sabiq nazir əlavə edib ki, yaşadığı evin ətrafında kameralar quraşdırılıb və daim nəzarət altında olub.

Onun sözlərinə görə, mövcud siyasi vəziyyətdə İvanişvili güclü fiqur deyil. Axalaia bildirib ki, onu uzurpator hesab etsə də, əslində zəifdir və real dayaqlara söykənmir. Sabiq nazirin fikrincə, hakimiyyətin əsas dayaq nöqtəsi cəmiyyətdə yaradılan qorxu və tərəddüddür.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər