26 
Dek
2025
10:27
361

İrakli Kobaxidze: Yüksək qiymətlərdən danışanlar elə özləri yüksək qiymət artımı tətbiq edir

"Distribütorlar Assosiasiyasının rəhbəri radikal müxalifətin fəallarından biridir və iri distribütor şirkətlərinin bir qisminin rəhbərləri də radikal siyasi partiyaların liderləridir."

InterPress.ge xəbər verir ki,bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze “Imedi LIVE” verilişində çıxışı zamanı ərzaq qiymətləri ətrafında gedən müzakirələrə toxunaraq bildirib.

Baş nazirin sözlərinə görə, məhz bu şəxslər yüksək qiymətlərdən danışır, lakin eyni zamanda bazarda yüksək qiymət artımı tətbiq edərək qiymətlərin bahalaşmasına səbəb olurlar. Kobaxidze vurğulayıb ki, bu şəxslərin hamısı verdikləri açıqlamalara görə cavab verməli olacaqlar.

İrakli Kobaxidze bildirib ki, Distribütorlar Assosiasiyasının rəhbəri Gürcüstan Parlamentinə gələrək tətbiq olunan qiymət artımının əsaslı, sağlam və kartel razılaşmalarına söykənmədiyini sübut etməlidir. Onun sözlərinə görə, cəmiyyət bu arqumentləri görməli və qiymətləndirməlidir. Baş nazir qeyd edib ki, əgər bu əsaslandırma mümkün olmazsa, qiymətlər aşağı salınmalıdır.

Kobaxidze vurğulayıb ki, az sayda insanın milyonlarla vətəndaşa qarşı iqtisadi təzyiq göstərməsi yolverilməzdir. Onun sözlərinə görə, əgər müəyyən edilərsə ki, təxminən 100 nəfər 4 milyon insanın maraqlarına zidd şəkildə hərəkət edir, bu halda dövlətin müdaxiləsi qaçılmaz olacaq.

Baş nazir eyni zamanda əlavə dəyər vergisi ilə bağlı səsləndirilən iddiaları da tənqid edib və bu mövzuda aparılan müzakirələri əsassız adlandırıb. O bildirib ki, sərhəddən satış rəfinədək məhsullara tətbiq olunan qiymət artımı orta hesabla 86 faiz təşkil edir və bu göstərici vergilər nəzərə alınmadan hesablanır. Kobaxidzenin sözlərinə görə, bu rəqəmlərlə müqayisədə 18 faizlik ƏDV-ni əsas problem kimi təqdim etmək açıq-aşkar spekulyasiyadır.

Baş nazir qeyd edib ki, vergi büdcəyə daxil olur və sosial proqramlara, infrastruktur layihələrinə yönəldilir, qiymət artımı isə birbaşa biznes subyektlərinin gəlirinə çevrilir. Onun fikrincə, qiymət artımı azaldılarsa, ƏDV-nin də faktiki həcmi avtomatik olaraq azalacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər