24 
Dek
2025
10:32
458

Gürcüstanda qiymət artımları araşdırılacaq

"Hökumət distribütor şirkətlər və market şəbəkələrinin nümayəndələri ilə aktiv şəkildə işləyərək vətəndaşlar üçün qiymətlərin azaldılmasına nail olmağa çalışacaq."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze istehlak qiymətlərinin artması ilə bağlı yaydığı videomüraciətdə bildirib.

Baş nazir eyni zamanda Gürcüstan Parlamentinə məsələni qiymətləndirmək üçün xüsusi parlament komissiyasının yaradılması çağırışı edib.

İrakli Kobaxidzenin sözlərinə görə, zərurət yaranacağı təqdirdə müxtəlif ölkələrdə sınaqdan keçirilmiş antimonopol mexanizmlərdən də istifadə olunacaq. O, hüquq-mühafizə orqanlarını məsələni dərindən araşdırmağa və ayrı-ayrı subyektlərin fəaliyyətində cinayət əlamətlərinin olub-olmadığını müəyyənləşdirməyə çağırıb. Baş nazir vurğulayıb ki, parlament komissiyası mövcud parlament rıçaqlarından istifadə etməklə bazardakı vəziyyəti hərtərəfli qiymətləndirməlidir.

Hökumət başçısı qeyd edib ki, yüksək mənfəət marjası şəraitində şirkətlər market şəbəkələrini sürətlə genişləndirirlər. Onun sözlərinə görə, son beş ildə Gürcüstanda şəbəkə marketlərinin sayı iki dəfə artıb və hazırda ölkədə hər 100 min nəfərə 113 market düşür. Müqayisə üçün, Almaniyada bu göstərici 45, Avstriyada isə 62-dir.

Baş nazir bildirib ki, şəbəkələrin genişlənməsi ilə bağlı xərclər birbaşa məhsulların qiymətlərinə təsir göstərir. İlkin təhlillərə əsasən, yüksək qiymət artımına səbəb olan bir neçə əsas amil mövcuddur. Bunlara şəbəkə üzrə tətbiq olunan müxtəlif ödənişlər, mağazalara giriş haqqı, distribütor və istehsalçılara ödənişlərin gecikdirilməsi, mağazaların çoxluğu və yeni obyektlərin açılması xərclərinin məhsul qiymətlərinə daxil edilməsi daxildir.

İrakli Kobaxidze əlavə edib ki, mövcud praktika bazar iştirakçılarının razılaşdırılmış, kartel prinsipi ilə hərəkət etməsi ehtimalını da yaradır. Onun sözlərinə görə, bu ehtimalların təsdiqi və ya təkzibi üçün əlavə və dərin təhlilə ehtiyac var.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər