23 
Dek
2025
10:32
317

Gürcüstanın baş naziri aksiyalar zamanı saxlanılan fəalların əfv edilməsinin planlaşdırılmadığını açıqlayıb

Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, etiraz aksiyaları zamanı saxlanılan fəalların əfv olunması ilə bağlı hökumətin heç bir planı yoxdur.

InterPress.ge xəbər verir ki, baş nazir bu fikirləri əfv məsələsi ilə bağlı sualı cavablandırarkən səsləndirib.

İrakli Kobaxidzenin sözlərinə görə, hər bir insanın həbsdə olması faciədir, lakin cəmiyyət üçün əsas məqsəd cinayətlərin qarşısının alınmasıdır və bunun ən effektiv yolu cəzanın törədilmiş cinayətə uyğun şəkildə icra olunmasıdır. O vurğulayıb ki, əvvəlki illərdə tətbiq edilən əfv praktikasının mənfi nəticələri olub və bu, cəmiyyətdə cəzasızlıq hissinin formalaşmasına gətirib çıxarıb.

Baş nazir xatırladıb ki, 2023-cü ildə baş vermiş genişmiqyaslı zorakılıq hadisələri zamanı yalnız bir nəfər saxlanılmış və o da qısa müddət sonra həmin dövrdəki prezident tərəfindən əfv olunmuşdu. Onun sözlərinə görə, növbəti il oxşar hadisələr zamanı altı nəfər saxlanılıb və onların da bir qismi əfv edilib ki, bu da ciddi mənfi təsir göstərib. Kobaxidze bildirib ki, insanlar belə hallarda parlament binasının yandırılması, polis əməkdaşlarına qarşı zorakılıq, dövlət əmlakının dağıdılması kimi əməllərin cəzasız qala biləcəyini düşünüblər.

İrakli Kobaxidze qeyd edib ki, məhz bu cəzasızlıq hissi sonradan yeni cinayətlərin törədilməsinə səbəb olub və nəticədə insanlar yenidən küçələrə çıxaraq qanun pozuntularına yol veriblər və həbs olunublar. Onun sözlərinə görə, gələcəkdə bu cür halların qarşısını almaq üçün preventiv təsirin təmin edilməsi vacibdir və bunun yeganə yolu qanunu pozan şəxslərin cəzanı tam və adekvat şəkildə çəkməsidir.

Baş nazir vurğulayıb ki, istər siyasi motivli cinayətlər, istər qətl, istərsə də ehtiyatsızlıqdan baş verən yol-nəqliyyat hadisələri olsun, heç bir insanın həbsdə olması sevindirici hal deyil. Buna baxmayaraq, Kobaxidzenin fikrincə, cəmiyyətin təhlükəsizliyi və gələcək cinayətlərin qarşısının alınması naminə cəzanın icrası prinsipial əhəmiyyət daşıyır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər