İrakli Kobaxidze: Diplomatik nümayəndəliklərin rolu suverenlik və ərazi bütövlüyünün dəstəklənməsində həlledicidir
"Ölkənin diplomatik nümayəndəlikləri Gürcüstanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq dəstəyinin möhkəmləndirilməsi prosesində son dərəcə mühüm rol oynayır."
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Səfirlərin Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkə ərazilərinin 20 faizinin işğal altında qalması fonunda tanınmama siyasəti dəyişməz prioritet olaraq qalır və bu istiqamətdə əldə olunan uğurlar birbaşa diplomatik korpusun fəaliyyəti ilə bağlıdır.
Baş nazir qeyd edib ki, səfirlərin illik konfransı artıq səmərəli dialoq platformasına çevrilib və bu toplantı başa çatan ilin yekunlarını dəyərləndirmək üçün yaxşı imkandır. Kobaxidze vurğulayıb ki, geridə qalan il çətinliklərlə dolu olsa da, onların öhdəsindən gəlmək mümkün olub və bu prosesdə diplomatların töhfəsi xüsusi əhəmiyyət daşıyır. O, xüsusilə səfirlərə göstərdikləri əməyə görə təşəkkür edib.
İrakli Kobaxidze diqqətə çatdırıb ki, qlobal beynəlxalq sistemdə fundamental dəyişikliklər gedir və beynəlxalq gündəlik yenilənir. Belə şəraitdə mürəkkəb regionda yerləşən Gürcüstan üçün rasional və praqmatik siyasətə əsaslanan beynəlxalq münasibətlər həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, diplomatların rolu həlledici hesab olunur.
Baş nazir çıxışında bir daha vurğulayıb ki, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün beynəlxalq müstəvidə dəstəklənməsinin konsolidasiyasında diplomatik nümayəndəliklərin rolu müstəsnadır və bu sahədə əldə olunan nəticələr məhz diplomatların peşəkar fəaliyyətinin göstəricisidir.


