"Nəzir qutusu"ndan oğurluq edən şəxs saxlanıldı
Gürcüstan Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Xaşuri Rayon Polis İdarəsinin əməkdaşları oğurluq ittihamı ilə 1979-cu il təvəllüdlü, keçmişdə müxtəlif ağır cinayətlərə görə məhkum olunmuş N.Q.-ni saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.
Nazirliyin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Surami qəsəbəsində yerləşən monastırlardan birinin ianə qutusunda olan pul vəsaitini və kilsə əşyalarını qanunsuz olaraq ələ keçirib, daha sonra isə hadisə yerindən qaçıb.
Aparılan araşdırma zamanı həmçinin məlum olub ki, saxlanılan şəxs həmin monastırı keçmişdə də qarət edib. Operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində N.Q. hadisədən qısa müddət sonra, isti izlərlə tutulub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları oğurlanmış pul və qanunsuz mənimsənilmiş əşyaların bir hissəsini maddi sübut kimi götürüblər.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi üzrə aparılır. Həmin maddə beş ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


