18 
Dek
2025
13:33
209

Şalva Papuashvili: BBC-dən istifadə etməklə Gürcüstana qarşı hibrid hücum baş tutmadı

"BBC-dən istifadə etməklə ölkəyə qarşı həyata keçirilməyə çalışılan hibrid hücum iflasa uğrayıb."

InterPress.ge xəbər veri ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuashvili Avropa Parlamentində Gürcüstanla bağlı keçirilən müzakirələr zamanı səsləndirilən bəyanatları dəyərləndirərkən bildirib.

Onun sözlərinə görə, dünən səsləndirilən açıqlamalar qeyri-adekvat və reallıqdan uzaq mətnlərdən ibarət olub.

Papuashvili qeyd edib ki, Avropa Parlamentində səsləndirilən çıxışlar əvvəlcədən hazırlanmış ssenariyə əsaslanıb, lakin bu ssenari reallığa uyğun olmayıb, çünki Gürcüstan hakimiyyətinin hələ araşdırma aparmadığı bir vəziyyət üçün nəzərdə tutulmuşdu. Parlament sədrinin sözlərinə görə, BBC-nin yaydığı yalan reportaj sonradan bu cür reaksiyalarla davam etməli olan hibrid hücumun tərkib hissəsi olub, lakin bu planlaşdırılan ssenari düzgün hesablanmayıb.

Onun bildirdiyinə görə, hücumun təşkilatçıları BBC-nin materialından sonra yalnız şifahi müzakirələrin olacağını və real araşdırmanın aparılmayacağını düşünüblər. Papuashvili vurğulayıb ki, dünən səsləndirilən mətnlər istintaqın aparılmadığı bir dövr üçün hazırlanmışdı, lakin Gürcüstanda araşdırma həyata keçirilib, proses şəffaf aparılıb və bütün suallara cavab verilib. O xatırladıb ki, baş nazir də bəyan edib: əgər hər hansı nüfuzlu beynəlxalq qurumun sualı olarsa, hakimiyyət və hüquq-mühafizə orqanları bütün məlumatları təqdim etməyə və izah etməyə hazırdır.

Parlament sədrinin sözlərinə görə, məhz buna görə Avropa Parlamentində səsləndirilən bəyanatlar reallıqdan kənar olub və bu, əvvəlcədən qurulmuş ssenarinin ifşa edildiyini göstərir. Papuashvili BBC-nin bu prosesdə rolunu sərt tənqid edərək bildirib ki, media qurumu öz reputasiyasını tamamilə itirib və digər ölkələrə qarşı hibrid hücumlarda adi təbliğat alətinə çevrilib. Onun sözlərinə görə, BBC-dən istifadə etməklə əvvəl ABŞ-a, prezident Donald Trampa qarşı, indi isə Gürcüstana qarşı hücum cəhdi edilib və bu hücum da baş tutmayıb.

Şalva Papuashvili əlavə edib ki, Birinci Dünya müharibəsi dövrünə aid kimyəvi silahlar barədə iddialar artıq cəmiyyətdə istehza doğurur və bu yalan narrativ həm müxalifət, həm də iqtidar tərəfindən ciddiyə alınmır. Parlament sədrinin fikrincə, BBC-nin Gürcüstanla bağlı yaydığı bu yalanın yeganə “müsbət” tərəfi ondan ibarətdir ki, bu proses ölkəyə qarşı hibrid hücumun kimlər tərəfindən həyata keçirildiyini açıq şəkildə göstərir.

O bildirib ki, hazırkı vəziyyət Gürcüstana qarşı hibrid hücumun təşkilatçılarını, bu prosesdə şüurlu şəkildə iştirak edənləri və başqalarının maraqlarına xidmət edən şəxsləri müəyyən etməyə imkan verir. Papuashvili vurğulayıb ki, əgər hər hansı nüfuzlu beynəlxalq qurumun sualı olarsa, Gürcüstan tərəfi bütün sənədləri və nəticələri detallı şəkildə təqdim etməyə hazırdır. Onun sözlərinə görə, bu mövzuda həm gürcü, həm də ingilis dilində izahat vermək mümkündür.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər