Fransalı avroparlamentar: Gürcüstan hökuməti konstitusion quruluşu qorumağa çalışır
Fransalı Avropa Parlamenti üzvü Tyerri Mariani Avropa Parlamentində çıxışı zamanı Gürcüstan hökumətinə qarşı irəli sürülən ittihamları tənqid edib.
InterPress.ge xəbər veri ki, onun sözlərinə görə, Gürcüstan hökuməti yanlış addımlarda ittiham olunur, halbuki hakimiyyət konstitusion quruluşu qorumağa və həm Rusiyadan, həm də Avropadan gələn bütün destabilləşdirmə cəhdlərinə qarşı müqavimət göstərməyə çalışır.
Mariani bildirib ki, artıq bir neçə aydır Gürcüstan Avropa institutları tərəfindən görünməmiş media təzyiqi altındadır. Onun sözlərinə görə, bu hücumlar Tbilisidəki dövlət institutlarının, məhkəmə sisteminin, eləcə də gürcü seçicilərinin verdiyi suveren seçimin legitimliyini şübhə altına alır. Avroparlamentar qeyd edib ki, bu proses xarici qeyri-hökumət təşkilatlarının müdaxiləsi xarakteri daşıyır və həmin narahatlıqlar Avropa Parlamenti tərəfindən yayılır.
Tyerri Mariani Brüsselin “Gürcüstan hökumətinin devrilməsini arzuladığını” da iddia edib. Onun fikrincə, Avropa Parlamenti Gürcüstan hakimiyyətini səhv davranışlarda günahlandırır, halbuki hökumət ölkədə konstitusion nizamı qorumağa və xaricdən yönələn destabilləşdirmə cəhdlərinin qarşısını almağa çalışır.
Avroparlamentar çıxışında vurğulayıb ki, əgər kimsə demokratik böhranın dərinləşməsinə çalışanları axtarırsa, günahkarları Brüsseldə axtarmalıdır.


