17 
Dek
2025
15:42
201

Parlament yeni redaksiyada Seçki Məcəlləsini son oxunuşda qəbul edib

Parlament yeni redaksiyada hazırlanmış “Seçki Məcəlləsi” layihəsini üçüncü və yekun oxunuşda təsdiqləyib.

InterPress.ge xəbər verir ki qanun layihəsinin müəllifləri və təşəbbüskarları deputatlar Arçil Qorduladze, Tornike Çeişvili, Aleksandre Tabatadze, David Matikaşvili, Rati İonatamişvili, Aluda Quduşa­uri, Tengiz Şarmanaşvili, Guram Maçaraşvili və Akaki Aladaşvilidir.

“Gürcü Arzusu” fraksiyasının deputatları tərəfindən təqdim olunan yeni seçki qanunvericiliyinin əsas yeniliklərindən biri ondan ibarətdir ki, parlament seçkiləri zamanı xaricdə yaşayan Gürcüstan vətəndaşları üçün seçki məntəqələri açılmayacaq. Bələdiyyə seçkilərində olduğu kimi, parlament seçkiləri də yalnız ölkə ərazisində keçiriləcək.

Layihəyə əsasən, siyasi partiyalar həm parlament, həm də bələdiyyə seçkilərində namizəd kimi yalnız öz üzvlərini irəli sürə biləcəklər. Partiyasız namizədlərin irəli sürülməsi hüququ isə yalnız təşəbbüs qruplarına məxsus olacaq.

Yeni redaksiyada seçki məntəqələrində foto və video çəkiliş qaydaları da dəqiqləşdirilib. Üçüncü oxunuşda qəbul edilən layihəyə əsasən, səsvermə binasında olmaq və ya seçki komissiyasının iclasında iştirak etmək hüququ olan şəxslər audio monitorinq aparmadan foto çəkilişi həyata keçirə biləcəklər.

Səsvermə günü binalardan kənarlaşdırma ilə bağlı qaydalar da dəyişdirilir. Seçki binasından çıxarılan şəxsin digər bütün seçki binalarına daxil olması qadağan ediləcək və bu məqsədlə seçki administrasiyası müvafiq şəxslər barədə məlumat bazası formalaşdıracaq.

Qanun layihəsi namizədlərin qeydiyyatı prosedurunun sadələşdirilməsini də nəzərdə tutur. Belə ki, qeydiyyat kartının təqdim edilməsi tələbi ləğv olunur. Mövcud qaydalara əsasən namizəd iki sənəd təqdim etməli idi, yeni dəyişikliklərə görə isə namizəd yalnız seçkilərdə iştirak razılığını təsdiqləyən formanı dolduracaq və həmin sənəddə yaşayış senzi və partiya mənsubiyyəti ilə bağlı məlumatlar qeyd olunacaq.

Bundan əlavə, yeni redaksiyaya əsasən, məhkəmə tərəfindən cərimə cəzası verilmiş şəxslərin də seçki komissiyasının üzvü olması qadağan ediləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər