Aİ Şurası: Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dalana dirənib
Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi hakimiyyət kursu dəyişməyə qəti siyasi iradə nümayiş etdirməyənə və ölkəni yenidən Aİ-yə inteqrasiya yoluna qaytarmayana qədər faktiki olaraq dalana dirənib.
InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədrliyi tərəfindən genişlənmə ilə bağlı qəbul edilən yekun nəticələrdə bildirilib. Sənədin tərcüməsi Gürcüstandakı Avropa İttifaqı Nümayəndəliyi tərəfindən yayılıb.
Məlumatda qeyd olunur ki, Gürcüstan hakimiyyətinin həyata keçirdiyi addımlar Aİ-nin namizəd ölkələrə dair gözləntilərinə uyğun gəlmir. Şura demokratiya, insan hüquqları və qanunun aliliyi sahələrində ciddi və ümumi geriləmənin müşahidə edildiyini vurğulayır.
Sənəddə bildirilir ki, Aİ Şurası Gürcüstan əhalisinin böyük əksəriyyətinin Avropa gələcəyinə can atmasına dəstəyini bir daha təsdiqləyir. Bununla yanaşı, hakimiyyət tərəfindən qəbul edilən qərarların əsas hüquq və azadlıqlara zərər vuran repressiv qanunvericiliklə, məhkəmə sisteminin siyasi alət kimi istifadəsi ilə, müxalifət liderlərinin təqibi, etiraz aksiyalarında iştirak edənlərin və jurnalistlərin əsassız saxlanılması, eləcə də vətəndaş cəmiyyətinə təzyiqlərlə müşayiət olunduğu qeyd edilir.
Aİ Şurası Gürcüstan hakimiyyəti tərəfindən dezinformasiyanın və Avropa İttifaqına qarşı yönəlmiş narrativlərin yayılmasını pisləyir və bu praktikanın dayandırılmasına çağırır. Eyni zamanda, ölkəyə namizəd statusu verilərkən nəzərdə tutulan doqquz addımın icrasında geriləmənin olduğu təəssüflə qeyd olunur. Bu səbəbdən, Gürcüstanın Aİ-yə üzvlük prosesinin real kurs dəyişikliyi baş verənədək faktiki olaraq dayanmış vəziyyətdə olduğu vurğulanır.
Sənəddə Gürcüstan hakimiyyəti əsassız saxlanılan bütün siyasətçiləri, jurnalistləri və fəalları azad etməyə, repressiv qanunvericiliyi ləğv etməyə, Avropa inteqrasiyasının əsas prinsiplərinə uyğun demokratik, inklüziv və dayanıqlı islahatlar həyata keçirməyə, həmçinin Aİ-yə, Aİ səfirlərinə və Nümayəndəliyin rəhbərinə qarşı aqressiv ritorikadan imtina etməyə çağırılır. Bu addımlar Aİ ilə münasibətlərin bərpası üçün ilkin mərhələ kimi qiymətləndirilir.
Aİ Şurası eyni zamanda Avropa İttifaqının Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyir. Bildirilir ki, Aİ münaqişələrin sülh yolu ilə həlli, tanımama və cəlbetmə siyasətinə, o cümlədən Gürcüstandakı Aİ Müşahidə Missiyasının fəaliyyəti vasitəsilə sadiq qalır.
Sənəddə Gürcüstanın vizasız rejimin dayandırılması mexanizmi ilə bağlı yeddinci hesabatın tövsiyələrini yerinə yetirməməsi də təəssüflə qeyd olunur və hakimiyyət bu tövsiyələri icra etməyə, viza liberallaşdırılması meyarlarını dərhal təmin etməyə çağırılır.
Bundan əlavə, Aİ Şurası Gürcüstanın Avropa İttifaqının vahid xarici və təhlükəsizlik siyasəti ilə tam uyğunluq istiqamətində səylərini gücləndirəcəyinə dair möhkəm gözləntilərini ifadə edir. Xüsusilə Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibə fonunda Rusiya və Belarus əleyhinə Aİ-nin məhdudlaşdırıcı tədbirləri ilə uyğunluq əsas prioritet kimi göstərilir. Şura Gürcüstan hakimiyyətini Aİ-nin xarici siyasət mövqelərinə zidd olan addım və bəyanatlardan çəkinməyə, eləcə də Aİ sanksiyalarının yan keçilməsinin qarşısının alınması istiqamətində əməkdaşlığı davam etdirməyə çağırır.


