Sakstat Gürcüstanda orta maaş miqdarını açıqlayıb
2025-ci ilin üçüncü rübündə ölkə üzrə orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz və ya 214,9 lari artaraq 2 271,6 lari təşkil edib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin (Sakstat) məlumat verib.
Sakstatın yaydığı məlumatda bildirilir ki, fəaliyyət sahələri üzrə nisbətən yüksək əməkhaqqı informasiya və kommunikasiya sektorunda qeydə alınıb. Bu sahədə orta aylıq əməkhaqqı 4 212,9 lari olub və illik müqayisədə 5,9 faiz artıb. Tikinti sektorunda orta əməkhaqqı 3 682,9 lariyə çatıb ki, bu da 15,2 faizlik artım deməkdir. Maliyyə və sığorta fəaliyyətlərində orta maaş 3 526,0 lari olub və 10,7 faiz yüksəlib. Dağ-mədən sənayesi və karxanaların işlənməsi sahəsində isə orta əməkhaqqı 3 154,3 lari təşkil edib və illik artım 30,6 faizə bərabər olub.
2025-ci ilin üçüncü rübündə qadınların orta aylıq əməkhaqqı 1 797,4 lari, kişilərin isə 2 738,1 lari olub. İllik əməkhaqqı artımı qadınlar üzrə 146,8 lari və ya 8,9 faiz, kişilər üzrə isə 287,1 lari və ya 11,7 faiz təşkil edib. Məlumata görə, fəaliyyət sahələrindən asılı olmayaraq bütün sektorlarda kişilərin orta əməkhaqqı qadınların maaşından yüksək olub.
Hesabat dövründə biznes sektorunda muzdla çalışanların orta aylıq əməkhaqqı 230,8 lari və ya 10,5 faiz artaraq 2 420,9 lariyə yüksəlib. Bu sektorda da ən yüksək maaş informasiya və kommunikasiya sahəsində, eləcə də tikinti sektorunda qeydə alınıb.
Qeyri-kommersiya və maliyyə sektorunda isə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 187,4 lari və ya 10,3 faiz artaraq 2 000,9 lari olub. Fəaliyyət sahələri üzrə nisbətən yüksək əməkhaqqı maliyyə və sığorta sektorunda çalışanlara məxsusdur. Orta əməkhaqqının səviyyəsinə görə regionlar arasında Tbilisi və Mtsxeta-Mtianeti lider mövqedə qərarlaşıb.


