16 
Dek
2025
10:05
2010

Gürcüstanda sürücülük vəsiqələri ilə bağlı bu qayda ləğv edilir

Gürcüstanda inzibati xətalarla bağlı sürücülük vəsiqələrinin bərpası qaydalarında dəyişiklik edilir.

InterPress.ge xəbər verir ki, yeni qanun layihəsinə əsasən, inzibati hüquq pozuntusu törədildiyi halda sürücülük hüququnun vaxtından əvvəl bərpasına imkan verən norma ləğv olunur. Müvafiq dəyişikliklər “İnzibati Xətalar Məcəlləsi”nə edilir və parlament tərəfindən sürətləndirilmiş qaydada baxılır.

Eyni zamanda, 2025-ci il 10 dekabr tarixinədək Məcəllənin 116-cı və ya 123-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmiş şəxslər bir dəfəlik olaraq sürücülük hüququnun dayandırılması şəklində tətbiq edilmiş inzibati cəzadan azad ediləcəklər. Bununla belə, həmin şəxslər cəza almış hesab olunmağa davam edəcəklər. Bu azadolma üçün vətəndaşların müvafiq orqanlara və ya vəzifəli şəxslərə müraciət etməsinə ehtiyac olmayacaq.

Qanun layihəsinə əsasən, Daxili İşlər Nazirliyi inzibati cəzadan azadolma barədə məlumatı qanunvericiliklə müəyyən edilmiş qaydada nazirliyin rəsmi internet səhifəsində dərc edəcək. Məlumat dərc olunan andan etibarən şəxsin sürücülük hüququ avtomatik olaraq bərpa olunacaq.

Keçid müddəalarına görə, 2025-ci il 10 dekabradək Məcəllənin 45-ci, 451-ci və ya 115/2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmiş şəxslər də bir dəfəlik olaraq sürücülük hüququnun dayandırılması cəzasından azad ediləcəklər. Bu halda sürücülük hüququnun bərpası üçün şəxs Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinə müraciət etməli olacaq. Hüququn bərpası yalnız dövlət məhkəmə-tibbi ekspertiza müəssisəsi tərəfindən verilmiş məhkəmə-tibbi, yəni dinamik-narkoloji müayinənin rəyinin təqdim edilməsindən və qanunla nəzərdə tutulan tələblərin yerinə yetirilməsindən sonra mümkün olacaq.

Bundan əlavə, “Yol hərəkəti haqqında” qanuna uyğun olaraq, sürücülük vəsiqəsindəki cərimə ballarının tükənməsi səbəbindən 2025-ci il 10 dekabradək idarəetmə hüququ dayandırılmış şəxslərin sürücülük hüququ 2026-cı il yanvarın 1-dən etibarən bərpa ediləcək və onların vəsiqələrinə yenidən 100 bal veriləcək. Bu proses üçün də vətəndaşların əlavə müraciət etməsinə ehtiyac olmayacaq. Qanun layihəsində qeyd olunur ki, müvafiq səlahiyyətli orqanlar 2026-cı il yanvarın 1-dək sürücülük hüququnun bərpasını və 100 balın yenidən verilməsini təmin etməlidirlər.

Qanun layihəsinin izahatında sürücülük hüququ dayandırılmış şəxslərlə bağlı statistik məlumatlar da yer alıb. Mövcud göstəricilərə görə, hazırda ümumilikdə 35 min 445 sürücülük vəsiqəsi dayandırılıb. Bu halların böyük hissəsi alkoqollu vəziyyətdə avtomobil idarə etmə, yol-nəqliyyat hadisəsi törədərək hadisə yerini tərk etmə, narkotik vasitələrin istifadəsi, cərimə ballarının tükənməsi, cinayət hökmü əsasında verilən qərarlar və digər səbərlərlə, o cümlədən əvvəlki inzibati cərimələrin ödənilməməsi ilə bağlıdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər